“Qış fasiləsinə qədər olan nəticələri uğursuz hesab etmirəm. Ən azı ilk beşlikdə yer almağı planlaşdırırdıq”.
Bu sözləri “Zaqatala”nın baş məşqçisi Rüstəm Məmmədov deyib.
Təcrübəli mütəxəssis bildirib ki, qış fasiləsindən sonra maliyyə çətinlikləri səbəbindən komandanın oyunçuları matçlara istənilən səviyyədə köklənə bilməyiblər.
“Qış fasiləsindən sonra müəyyən maliyyə problemləri yarandı. Sponsorların ayrılması komandaya ciddi təsir etdi və bundan sonra çətinliklər başladı. Futbolçuların oyuna köklənməsində problemlər yaşanırdı. Bir müddət sonra vəziyyət qismən düzəlsə də, artıq komandanın motivasiyasını bərpa etmək çətin idi. Həm də hansı yer uğrunda mübarizə apardığımız tam aydın deyildi. Rəqiblər bizdən xeyli uzaqlaşmışdı. Digər tərəfdən, sonuncu pilləyə düşmək təhlükəsi də real görünmürdü. Bu səbəbdən futbolçularda əlavə motivasiya formalaşmırdı”, - deyə o sport24.az-a bildirib.
Məmmədov müqaviləsinin başa çatdığını və bəzi təkliflər aldığını da qeyd edib:
“Klubla müqaviləm başa çatıb. Müəyyən təkliflər olsa da, hələ heç bir komanda ilə danışıqlar aparmamışam. Hazırda klublar yeni mövsüm üçün büdcələrini gözləyirlər. Bundan sonra danışıqlar aparmaq mümkün olacaq. “Zaqatala”da qalacağım halda belə, daha iddialı komanda qurmaq təkcə məndən asılı deyil. Məşqçi istəyə bilər, amma büdcə yoxdursa, nəticə əldə etmək mümkün deyil. İstənilən transferləri etmək üçün klubun maliyyə imkanları əsasdır”.
Qeyd edək ki, “Zaqatala” Birinci Liqada mövsümü 28 xalla 7-ci pillədə başa vurub.
