Pezu Vaşku: “Nə olursa olsun, Tofiq Əliyev və Mixail Malkin idmanda böyük adlar olaraq qalırlar” - İDMAN.BİZ PORTUQALİYADAN

12 Aprel 2026 19:23
145
Pezu Vaşku: “Nə olursa olsun, Tofiq Əliyev və Mixail Malkin idmanda böyük adlar olaraq qalırlar” - İDMAN.BİZ PORTUQALİYADAN

Avropa çempionatında qalib gələn portuqaliyalı tamblinqçi Pezu Vaşku doğma meydanda “qızıl” medal qazanmağın necə bir hiss olması barədə təəssüratlarını bölüşüb.

“Qələbəni heç gözləmirdim. Buraya hazırlıqlı gəlmişdim, lakin qalib gələcəyimi, xüsusən də bu kombinasiyalarla heç vaxt düşünməmişdim. Bu, mənim arzuladığım proqramdır və əgər bununla qalib gəlməsəydim, hər şey fərqli olardı”, - deyə o, final başa çatdıqdan sonra İdman.Biz-ə müsahibəsində bildirib.

Vaşku bu medalı 2024-cü ildə yenə Portuqaliyada keçirilən Avropa çempionatında finala yüksəlsə də, yeddinci yeri tutmasından sonra “əla revanş” adlandırır:

“Bu, gerçəkləşən bir arzudur, xüsusən də hər şeyin evdə, 2024-cü ildən sonra ikinci dəfə baş verməsinə görə. O vaxt mən finalist idim, lakin alınmadı. İndi bu, revanş kimi hiss olunur, həm də necə möhtəşəm bir revanş.

Avropa çempionatında Portuqaliya himnini eşitmək, xüsusən də Portuqaliya bayrağını fəxri kürsünün ən zirvəsinə qaldırdığım zaman… Bu, xüsusi hissdir. Bunu təsvir edə bilmirəm”.

O, həmçinin bu Avropa çempionatının digər finalistləri - Azərbaycan idmançıları Tofiq Əliyev və Mixail Malkin haqqında da fikirlərini bildirib:

“Hər ikisinin fəxri kürsüdə olacağını gözləyirdim. Tofiq və Malkin mənim əsas rəqiblərim idi. Onlarla yarışmağın asan olmayacağını anlayırdım, çünki onlar həqiqətən çox güclüdürlər. Nə baş verməsindən asılı olmayaraq, onlar bu idman növündə böyük adlar olaraq qalırlar”.

Vaşku əlavə edib ki, Azərbaycan atletləri ilə dostluq münasibətləri var, lakin yarış zamanı şəxsi hissləri bir kənara qoymaq lazım gəlir:

“Biz hamımız dostuq, münasibətlərimiz yaxşıdır. Onlar əla uşaqlardır, lakin yarış zamanı rəqibik. Ona görə də münasibətlərimizdən asılı olmayaraq, strateji hərəkət etmək lazımdır”.

Xatırladaq ki, Tofiq Əliyev fərdi yarışlarda Avropa çempionatının gümüş mükafatçısı olub, Mixail Malkin isə dördüncü yerdə qərarlaşıb. Hər iki idmançı komanda hesabında “gümüş” qazanıblar.

İdman.Biz