Gimnastlarımız Avropa çempionatına yollanıblar

29 May 2026 10:42
397
Gimnastlarımız Avropa çempionatına yollanıblar

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Bolqarıstanın Varna şəhərində keçirilən Avropa çempionatında mübarizə aparacaq.

İdman.Biz xəbər verir ki, yığmamız qitə birinciliyi üçün səfərə çıxıb.

Avropa çempionatı Varna şəhərindəki Mədəniyyət və İdman Sarayında təşkil olunur. Yarışda böyüklər və gənclər kateqoriyaları üzrə çıxışlar keçirilir.

Azərbaycan komandası Varnada qrup hərəkətləri proqramında qüvvəsini sınayacaq. Gimnastlarımızın çoxnövçülükdə, həmçinin ayrı-ayrı alətlər üzrə final mərhələsinə yüksəlmək uğrunda mübarizə aparacağı gözlənilir.

Yarış proqramına əsasən, böyüklər arasında qrup hərəkətləri üzrə təsnifat çıxışları 30 mayda keçiriləcək. Komandalar beş top, həmçinin üç halqa və dörd gürz proqramlarında xalça üzərinə çıxacaqlar. Final mərhələləri isə 31 maya nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan komandası Avropa çempionatı ərəfəsində Rumıniyanın Buxarest şəhərində keçirilən beynəlxalq yarışda uğurlu çıxış edib. Sofiya Məmmədova, Şəms Müvəffəqi, İlahə Bahadırova, Zəhra Cəfərova, İlona Zeynalova və Alina Məmmədovadan ibarət komanda çoxnövçülükdə gümüş medal qazanıb.

İdman.Biz