Beynəlxalq Avtomobil Federasiyası (FIA) Yaponiya Qran-prisində “Haas”ın pilotu Oliver Birmanın yaşadığı ağır qəzadan sonra 2026-cı il texniki reqlamentinə ünvanlanan tənqidlərlə bağlı rəsmi bəyanat yayıb.
İdman.Biz xəbər verir ki, qurum yeni qaydaların tətbiqindən bəri komandalar, mühərrik istehsalçıları, sürücülər və “Formula-1” rəhbərliyi ilə daimi müzakirələr apardığını vurğulayıb. Bəyanatda qeyd olunub ki, reqlament ilkin olaraq real məlumatlar əsasında optimallaşdırıla bilən bir sıra tənzimlənən parametrləri, xüsusən də enerjinin idarə edilməsi sahəsini nəzərdə tutur.
Federasiya mövsümün ilkin mərhələsindən sonra qaydaların strukturlaşdırılmış şəkildə nəzərdən keçiriləcəyini açıqlayıb. Aprel ayında planlaşdırılan bir sıra görüşlərdə yeni reqlamentin səmərəliliyi qiymətləndiriləcək və mümkün dəyişikliklərə ehtiyac olub-olmadığı müzakirə ediləcək.
FIA hər hansı düzəlişin ciddi analiz və modelləşdirmə tələb etdiyini, təhlükəsizliyin isə təşkilat üçün hər zaman prioritet qaldığını qeyd edib:
“Hazırkı mərhələdə mümkün dəyişikliklərin xarakteri barədə hər hansı fərziyyə yürütmək hələ tezdir. Əlavə məlumatlar daha sonra veriləcək”.
Xatırladaq ki, Birmanın qəzası zamanı bolidin sürətinin azaldılmasında yaranan çətinliklər yeni aerodinamik və enerji sistemlərinin effektivliyi barədə suallar doğurmuşdu.
