“Formula-1”də mühərrik savaşı böyüyür

12 May 2026 12:23
104
“Formula-1”də mühərrik savaşı böyüyür

“Formula-1” rəhbərliyi və FIA 2030 və ya 2031-ci il üçün mühərrik reqlamentində istehsalçıların siyasi təsirini azaltmağı planlaşdırır.

İdman.Biz xəbər verir ki, “Motorsport”un məlumatına görə, yeni mühərrik qaydaları ilə bağlı müzakirə artıq təkcə texniki məsələ deyil. Məqsəd daha sadə, ucuz və yarışın idman maraqlarına daha uyğun güc qurğularına keçməkdir. FIA və “Formula-1” bu yolla istehsalçılardan asılılığı azaltmaq və müstəqil mühərrik təchizatçıları üçün də imkan yaratmaq istəyir.

Bildirilir ki, 2030 və ya 2031-ci il üçün iki əsas istiqamət müzakirə olunur: indiki yüksək elektrikləşdirilmiş güc qurğularının təkamülü və ya daha sadə atmosfer V8 mühərriklərinə keçid. “Motorsport” yazır ki, əgər daha sadə və müstəqil istehsalçılar üçün əlçatan konsepsiya seçilsə, bu, “Formula-1”də yeni mərhələnin başlanğıcı ola bilər.

Bu ssenari zavod komandalarının, xüsusən “Mercedes” və “Ferrari” kimi mühərrik istehsalçılarının çempionatdakı siyasi çəkisini azalda bilər. Çünki müştəri komandalar çox vaxt güc qurğusunu aldığı istehsalçının mövqeyinə uyğun davranır. Alternativ mühərrik təchizatçılarının meydana çıxması isə bu balansı dəyişə bilər.

FIA prezidenti Məhəmməd Ben Sulayem daha əvvəl “Formula-1”in 2031-ci ilə qədər V8 mühərriklərinə keçəcəyini, bunun 2030-cu ildə də baş verə biləcəyini açıqlayıb. Onun sözlərinə görə, 2030-cu il üçün dəyişiklik dörd istehsalçının dəstəyi ilə mümkündür, 2031-ci ildə isə FIA bu qərarı səsverməsiz də həyata keçirə bilər.

İdman.Biz