“Liverpul”un sabiq baş məşqçisi Yürgen Klopp Almaniya milli komandasına rəhbərlik etməyə yaxın olduğunu təsdiqləyib.
İdman.Biz xəbər verir ki, 59 yaşlı mütəxəssis Nyu-Yorkda “Magenta TV”yə açıqlamasında tərəflər arasında aparılan danışıqların yekun mərhələyə çatdığını bildirib.
“Rəsmi açıqlama verə biləcəyimiz məqamdan o qədər də uzaqda deyilik. İdeal variantda bu, yaxın bir neçə gün ərzində baş verəcək”, - deyə Klopp vurğulayıb.
Almaniya Futbol İttifaqı daha əvvəl Klopp ilə keçirilən görüşdə mümkün müqavilənin əsas şərtləri üzrə razılıq əldə olunduğunu açıqlamışdı. Təyinatın rəsmiləşməsi üçün mütəxəssisin işlədiyi “Red Bull” şirkəti və Almaniya Futbol İttifaqının müvafiq qurumları ilə son prosedurların tamamlanması tələb olunur.
Klopp Almaniya millisinin baş məşqçisi postunda Yulian Nagelsmannı əvəzləyəcək. Nagelsmann komandanın DÇ-2026-nın 1/16 finalında Paraqvaya penaltilər seriyasında məğlub olmasından sonra vəzifəsindən ayrılıb.
