Azərbaycan Budapeşt turnirini üç medalla başa vurdu - YENİLƏNİB

20 İyul 2026 02:22
812
Azərbaycan Budapeşt turnirini üç medalla başa vurdu - YENİLƏNİB

Güləş üzrə Azərbaycan milli komandaları Macarıstanın paytaxtı Budapeştdə keçirilən ilin son reytinq turnirində mübarizəni başa vurublar.

İdman.Biz xəbər verir ki, Azərbaycan yarışda ümumilikdə 21 idmançı ilə təmsil olunub. Heyətdə 10 sərbəst güləşçi, altı qadın güləşçi və beş yunan-Roma güləşçisi yer alıb.

Təmsilçilərimiz turnirdə bir qızıl, bir gümüş və bir bürünc olmaqla üç medal qazanıblar.

Sərbəst güləşdə 92 kq çəki dərəcəsində çıxış edən Ali Tsokayev qızıl medala sahib olub. 79 kq-da mübarizə aparan Cəbrayıl Hacıyev isə finalda monqolustanlı Suldxuu Olonbayara məğlub olaraq gümüş medal qazanıb.

Qadın güləşində Birgül Soltanova 65 kq çəki dərəcəsində bürünc mükafata layiq görülüb. Azərbaycanlı idmançı üçüncü yer uğrunda görüşdə kanadalı Miki Roubottoma qalib gəlib.

Yunan-Roma güləşçilərimiz medal qazana bilməyiblər. Murad Məmmədov 63 kq, Arif Niftullayev isə 97 kq çəki dərəcəsində bürünc medal görüşündə məğlub olaraq turniri beşinci pillədə başa vurublar.

Sərbəst güləş üzrə Azərbaycan millisi komanda hesabında Qazaxıstan və Gürcüstandan sonra üçüncü yeri tutub.

19:50

Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandasının üzvləri Murad Məmmədov və Arif Niftullayev Budapeştdə keçirilən reytinq turnirində bürünc medal görüşünə vəsiqə qazanıblar.

İdman.Biz xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən Arif Niftullayev qazaxıstanlı İslam Yevloyevə 2:1 hesabı ilə qalib gəlib. O, yarımfinalda rusiyalı İlya Yermolenkoya 0:10 hesabı ilə məğlub olub.

Niftullayev bürünc medal uğrunda görüşdə finlandiyalı Arvi Savolaynenlə qarşılaşacaq.

63 kq çəki dərəcəsində Murad Məmmədovun rəqibi Qətər təmsilçisi Aref Məhəmmədi olacaq.

60 kq-da mübarizə aparan Elmir Əliyev isə ilk təsəlliverici görüşdə ABŞ-li Dalton Robertsi 4:1 hesabı ilə məğlub edib. Azərbaycan təmsilçisi növbəti qarşılaşmada misirli Mahmud Saada 5:8 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.

16:26

Yunan-Roma güləşi üzrə Azərbaycan təmsilçisi Arif Niftullayev 97 kq çəki dərəcəsində 1/4 finala yüksəlib.

İdman.Biz xəbər verir ki, o, serbiyalı Branko Dukiçlə görüşdə 1:1 hesablı nəticə qeydə alındıqdan sonra ilk xal prinsipinə əsasən qalib elan olunub.

60 kq çəkidə mübarizə aparan Elmir Əliyev 1/8 finalda Qırğızıstan təmsilçisi, Olimpiya mükafatçısı və ikiqat dünya çempionu Jolaman Şarşenbekova 0:10 hesabı ilə məğlub olub.

63 kq çəkidə Murad Məmmədov 1/4 finalda Rusiya təmsilçisi, Olimpiya mükafatçısı, dünya və Avropa çempionu Sergey Yemelinə 1:5 hesabı ilə uduzub.

Eyni çəkidə çıxış edən Sakit Quliyev isə 1/4 finalda Qətər təmsilçisi Aref Mohammadiyə “tuş”la məğlub olub.

Elmir Əliyev, Murad Məmmədov və Sakit Quliyevin rəqibləri finala yüksəlsə, təsəlliverici görüşlərə qatılacaqlar.

14:28

Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə ilin son reytinq turniri davam edir.

İdman.Biz xəbər verir ki, yunan-Roma güləşi üzrə Azərbaycan millisinin iki üzvü 63 kq çəki dərəcəsində 1/4 finala yüksəlib.

Sakit Quliyev özbəkistanlı Şermuxammad Şaribcanovla qarşılaşıb. Təmsilçimiz rəqibinə 9:1 hesabı ilə tam üstünlüklə qalib gəlib.

Eyni çəkidə mübarizə aparan Murad Məmmədov isə gürcüstanlı Pridon Abuladzeni 3:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.

Budapeştdə təşkil olunan Polyak İmre, Varqa Yanoş və Kozma İştvan Memorialı iyulun 15-dən 19-dək keçirilir. Yarışın son günündə yunan-Roma güləşi üzrə altı çəki dərəcəsində mübarizə aparılır.

Ötən gün qadın güləşçimiz Jalə Əliyeva 57 kq çəkidə yarımfinalda çinli Keksin Honqa 0:10 hesabı ilə uduzub. O, bürünc medal uğrunda görüşdə belaruslu İrina Kuraçkinaya 2:9 hesabı ilə məğlub olaraq beşinci yeri tutub. Nərgiz Səmədova 53 kq-da ABŞ-li Kristell Rodrigesə 0:6 hesabı ilə uduzub. Əsmər Cankurtaran isə çinli Cin Canqla görüşdə məğlub olaraq mübarizəni dayandırıb.

Azərbaycan millisinin turnirdə üç medalı var. Ali Tsokayev qızıl, Cəbrayıl Hacıyev gümüş, Birgül Soltanova isə bürünc medal qazanıb.

İdman.Biz