Ali Tsokayev reytinq turnirinin qalibi olub - YENİLƏNİB

16 İyul 2026 23:04
1 186
Ali Tsokayev reytinq turnirinin qalibi olub

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə ilin son reytinq turniri davam edir.

İdman.Biz xəbər verir ki, təmsilçimiz Ali Tsokayev (92 kq) finalda ukraynalı Muxammed Aliyev zədəyə görə güləşmədiyi üçün turnirin qalibi olub.

Gültəkin Şirinova (55 kq) isə bürünc medal uğrunda görüşdə kanadalı Karla Qonzalesə (0:5) məğlub olub.

20:47

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə ilin son reytinq turniri davam edir.

İdman.Biz xəbər verir ki, təmsilçimiz Cəbrayıl Hacıyev (79 kq) finalda monqolustanllı Suldxuu Olonbayara (0:5) məğlub olub və reytinq turnirində gümüş medal qazanıb.

17:33

Azərbaycan güləş millisinin üç üzvü Budapeştdə keçirilən ilin son reytinq turnirinin medal görüşlərində iştirak edəcək.

İdman.Biz xəbər verir ki, sərbəst güləşçilər Cəbrayıl Hacıyev və Ali Tsokayev qızıl, qadın güləşçi Gültəkin Şirinova isə bürünc medal uğrunda mübarizə aparacaq. Medal qarşılaşmaları Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

79 kq çəkidə çıxış edən Cəbrayıl Hacıyev finalda monqolustanlı Suldxuu Olonbayarla qarşılaşacaq. Azərbaycan güləşçisi yarışda qazaxıstanlı Şamsat Tahiri 2:0, gürcüstanlı Luka Çxitunidzeni isə 5:3 hesabı ilə məğlub edib.

92 kq çəkidə Ali Tsokayev qızıl medal görüşündə ukraynalı Məhəmməd Əliyevlə üz-üzə gəlməlidir. Rəqib UWW-nin (Birləşmiş Dünya Güləşinin) rəsmi siyahısında zədəli göstərildiyi üçün görüş keçirilmədən Tsokayev qalib elan olunacaq. Tsokayev finaladək ABŞ-li Dastin Plottu 8:6, bəhreynli Maqomed Şaripovu 2:0 və türkiyəli Fatih Altunbaşı 11:0 hesabı ilə üstələyib.

Qadın güləşində 55 kq çəkidə mübarizə aparan Gültəkin Şirinovanın bürünc medal görüşündə rəqibi kanadalı Karla Qodines olacaq.

Qeyd edək ki, turnirin ilk günündə İslam Bazarqanov, Nürəddin Novruzov və Kənan Heybətov bürünc medal görüşlərində məğlub olublar. Bu gün isə Osman Nurmaqomedov (97 kq) - səkkizdəbir finalda polşalı Zbiqnev Baranovskiyə məğlub olub və medal uğrunda mübarizəni davam etdirə bilməyib. Giorgi Meşvildişvili (125 kq) - təsnifat mərhələsində polşalı Robert Barana qalib gəlsə də, növbəti görüşdən sonra yarışla vidalaşıb.

16:02

Azərbaycan sərbəst güləş millisinin üzvləri Cəbrayıl Hacıyev və Ali Tsokayev Budapeştdə keçirilən reytinq turnirinin finalına yüksəliblər.

İdman.Biz xəbər verir ki, 79 kq çəkidə mübarizə aparan Cəbrayıl Hacıyev qazaxıstanlı Şamsat Tahirə 2:0 hesabı ilə qalib gəlib. Azərbaycan güləşçisi yarımfinalda gürcüstanlı Luka Çxitunidzeyə 5:3 hesabı ilə qalib gələrək qızıl medal görüşünə vəsiqə qazanıb.

92 kq çəkidə çıxış edən Ali Tsokayev isə finaladək üç rəqibini məğlub edib. O, ABŞ-li Dastin Plottu 8:6, bəhreynli Maqomed Şaripovu 2:0 hesabı ilə üstələyib.

Tsokayev yarımfinalda türkiyəli Fatih Altunbaşa 11:0 hesabı ilə vaxtından əvvəl qalib gələrək finala yüksəlib.

Hər iki Azərbaycan təmsilçisi axşam seansında reytinq turnirinin qızıl medalı uğrunda xalça üzərinə çıxacaq.

125 çəki dərəcəsində çıxış edən təmsilçimiz Giorgi Meşvildişvili polşalı Robert Baranla (3:1) amerikalı Demetrius Tomasa (6:2) qalib gəlsə də, zədələndiyi üçün 1/4 final görüşünə çıxmayıb.

Güləşçimiz Gültəkin Şirinova (55 kq) təsnifat mərhələsində ukraynalı Natalya Klivçutskaya 1:5 hesabıyla məğlub olub. Təsəlliverici görüşdə isə qazaxıstanlı Aynur Aşimovaya tam üstünlüklə (11:0) qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb.

97 kq çəki dərəcəsində çıxış edən Osman Nurmaqomedov da 1/8 finalda polşalı Zbiqniev Baranovskiyə sonuncu xal prinsipinə əsasən (3:3) məğlub olub.

13:34

Azərbaycanın sərbəst güləş millisinin üzvü Giorgi Meşvildişvili Macarıstanın paytaxtı Budapeştdə keçirilən ilin son reytinq turnirinə qələbə ilə başlayıb.

İdman.Biz xəbər verir ki, 125 kq çəkidə mübarizə aparan Meşvildişvili təsnifat mərhələsində polşalı Robert Barana 3:1 hesabı ilə qalib gəlib. O, səkkizdəbir finalda ABŞ-li Demetrius Tomasla qarşılaşacaq.

Qadın güləşində 55 kq çəkidə çıxış edən Gültəkin Şirinova isə təsnifat mərhələsində ukraynalı Nataliya Klivçutskaya məğlub olub. Azərbaycan təmsilçisinin təsəlliverici görüşlərə qatılması rəqibinin finala yüksəlməsindən asılıdır. Klivçutska dörddəbir finalda qazaxıstanlı Aynur Aşimova ilə üz-üzə gələcək.

79 kq çəkidə Cəbrayıl Hacıyev mübarizəyə birbaşa dörddəbir finaldan başlayacaq. Onun rəqibi qazaxıstanlı Şamsat Tair olacaq.

92 kq çəkidə mübarizə aparan güləçimiz Ali Tsokayev səkkizdəbir finalda ABŞ-li Dastin Plottla güləşəcək. 97 kq-da Osman Nurmaqomedovun ilk rəqibi polşalı Zbiqnev Baranovski olacaq. Baranovski təsnifat mərhələsində bolqarıstanlı Andriyan Valkanovu məğlub edib.

Qeyd edək ki, turnirin ilk günündə İslam Bazarqanov, Nürəddin Novruzov və Kənan Heybətov bürünc medal görüşlərində məğlub olublar. Beləliklə, Azərbaycan yığması ilk yarış gününü medalsız başa vurub.

Növbəti günlərdə qadın güləşçilər Nərgiz Səmədova, Əsmər Cankurtaran, Jalə Əliyeva, Birgül Soltanova və Nigar Mirzazadə də xalça üzərinə çıxacaqlar. Yunan-Roma güləşində isə Elmir Əliyev, Murad Məmmədov, Sakit Quliyev, Məhəmməd Şükürzadə və Arif Niftullayev Azərbaycanı təmsil edəcəklər. Turnir iyulun 19-dək davam edəcək.

İdman.Biz