Ermənistanlı güləşçilər Bakıdakı dünya çempionatına gəlməkdən imtina ediblər - ÖZƏL

14 İyul 2026 17:25
115
Ermənistanlı güləşçilər Bakıdakı dünya çempionatına gəlməkdən imtina ediblər - ÖZƏL

Ermənistan idmançıları iyulun 27-dən avqustun 2-dək Bakıda keçiriləcək U-17 dünya güləş çempionatında iştirak etməyəcəklər.

İdman.Biz-ə bu barədə özəl olaraq Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Sərxan Musalı məlumat verib.

Onun sözlərinə görə, qarşıdakı dünya çempionatında iştirak etmək imkanı bütün ölkələr üçün yaradılmışdı:

“Turnir üçün qeydiyyat hamının üzünə açıq idi, bütün potensial iştirakçılar üçün bərabər şərait yaradılmışdı. Azərbaycan Güləş Federasiyası tərəfindən ən yüksək təhlükəsizlik təminatları verilmişdi. Lakin Ermənistan millisi dünən başa çatan qeydiyyatdan keçməyib. Bu isə o deməkdir ki, komanda dünya çempionatında iştirak etməyəcək”.

Sərxan Musalı erməniəsilli ABŞ-li güləşçi Qalust Qreqori Torosyanın da Bakıda keçiriləcək yarışda iştirakdan imtina etməsinə münasibət bildirib:

“Bunun üçün qətiyyən heç bir əsas yoxdur. Belə təəssürat yaranır ki, o, bunu özünü reklam etmək məqsədilə edib, təhlükəsizlik məsələsini bəhanə gətirərək nümayişkaranə şəkildə bu addımı atıb. Halbuki Azərbaycan Güləş Federasiyası hər zaman bütün zəruri təhlükəsizlik təminatlarını təqdim edir. Bu günədək Bakıda erməni idmançıların iştirakı ilə keçirilən heç bir yarışda təxribat və ya hər hansı mənfi insident baş verməyib. Ona görə də biz bunu ucuz populist şou kimi qiymətləndiririk. Amma bu, onun şəxsi qərarıdır”.

Bununla yanaşı, Musallı qeyd edib ki, digər yığmaların, o cümlədən Rusiya millisinin heyətində erməniəsilli idmançılar var və onlar Bakıda keçiriləcək dünya çempionatında iştirak edəcəklər.

Mətbuat xidmətinin rəhbəri əlavə edib ki, müxtəlif ölkələrin nümayəndə heyətləri iyulun 20-dən etibarən mərhələli şəkildə Bakıya gəlməyə başlayacaqlar. Yarış iştirakçılarının əsas hissəsinin isə iyulun 25-də paytaxta çatacağı gözlənilir.

İdman.Biz