20 yaşadək güləşçilər arasında Avropa çempionatında 55 kq çəki dərəcəsində qızıl medal qazanan Azərbaycan təmsilçisi Emin Cavadlı qələbəsi ilə bağlı təəssüratlarını bölüşüb.
İdman.Biz-ə danışan yunan-Roma güləşçisi bildirib ki, turnirdə hər şey planlaşdırdığı kimi alınıb və final görüşünə yalnız qələbə qazanmaq məqsədilə çıxıb.
“Final görüşü boyu fikrim yalnız qələbədə idi. Hesabın necə olmasından asılı olmayaraq, özümə olan inamı itirmədən sonadək mübarizə apardım. Təmiz qələbə qazanmaq mənə böyük sevinc və qürur hissi yaşatdı. Həmin an keçirdiyim hissləri sözlə ifadə etmək çox çətindir. Çox xoşbəxt idim. Bu uğur üçün uzun müddət zəhmət çəkmişdik və nəhayət, əməyimizin bəhrəsini gördük. Buna görə ilk növbədə Allaha şükür etdim, sonra isə sevincimi məşqçimlə bölüşdüm”, - deyə o bildirib.
Avropa çempionu növbəti hədəfinin dünya çempionatı olduğunu da vurğulayıb:
“Dünya çempionatına mümkün qədər yaxşı hazırlaşmaq və orada ölkəmizi layiqincə təmsil etmək istəyirəm. Bunun üçün əlimdən gələni edəcəyəm”.
