Azərbaycan millisinin sərbəst güləşçisi Yusif Dursunov 125 kq çəki dərəcəsində U-20 Avropa çempionu olub.
İdman.Biz xəbər verir ki, Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən qitə birinciliyinə yekun vurulub. Turnirin son günündə 61, 74, 86, 92 və 125 kq çəki dərəcələrində medalçılar müəyyənləşib. Yarış iyulun 6-dan 12-dək “Skopye Arena”da təşkil olunub.
Yusif Dursunov finalda rusiyalı Soslan Qabuyevlə qarşılaşıb. Görüşün gedişində 0:3 hesabı ilə geri düşən təmsilçimiz əzmkarlıq göstərərək geridönüşə imza atıb. Rəqibinə 4:3 hesabı ilə qalib gələn Dursunov Avropa çempionu adını qazanıb.
61 kq çəki dərəcəsində mübarizə aparan Camal Abbasov finalda rusiyalı Usman İndirbayevə 2:13 hesabı ilə məğlub olaraq gümüş medala sahib çıxıb.
Nurlan Ağazadə 74 kq-da keçirilən həlledici görüşdə Almaniya təmsilçisi Manuel Vaqinə 2:4 hesabı ilə uduzub və Avropa çempionatını ikinci pillədə başa vurub.
86 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Abbaszadə bürünc medal uğrunda qarşılaşmada israilli Tomer Drojnyakı 7:1 hesabı ilə məğlub edərək fəxri kürsüyə yüksəlib.
Hüseyn Məmmədtağızadə isə 92 kq-da bürünc medal görüşündə gürcüstanlı Sandro Kuraşviliyə 1:12 hesabı ilə uduzaraq beşinci yeri tutub.
Beləliklə, Azərbaycan sərbəst güləşçiləri yarışın son günündə 1 qızıl, 2 gümüş və 1 bürünc olmaqla 4 medal qazanıblar. Komandamız turnirdə ümumilikdə 2 qızıl, 2 gümüş və 2 bürünc medala sahib çıxaraq sərbəst güləş üzrə komanda hesabında ikinci yeri tutub.
Xatırladaq ki, daha əvvəl Hacı Kərimov 70 kq-da Avropa çempionu olmuş, Məhəmməd İsmayılov isə 57 kq-da bürünc medal qazanmışdı.
