Avropada tarix yazdı, hədəfini açıqladı: Olimpiya medalı

15 İyul 2026 15:03
118
Avropada tarix yazdı, hədəfini açıqladı: Olimpiya medalı

“U-20 yaş qrupunda qazandığım uğurlar mənə əlavə motivasiya verir”.

Bunu Şimali Makedoniyanın Skopye şəhərində keçirilmiş U-20 Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova AZƏRTAC-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Azərbaycanın qadın güləşi tarixində U-20 yaş kateqoriyasında üçqat Avropa çempionu adını qazanan ilk qadın güləşçi oldunuz. Bu tarixi uğura imza atdığınız anlarda hansı hissləri keçirdiniz?

- İlk növbədə Allaha sonsuz şükür etdim. Bu uğur mənim üçün sadəcə qızıl medal deyil, illərlə çəkdiyim zəhmətin, əziyyətin və səbrin bəhrəsidir. Tarixə düşmək böyük qürur hissidir. Azərbaycan bayrağının yüksəlməsi və dövlət himnimizin səslənməsi isə sözlə ifadə olunmayacaq qədər böyük xoşbəxtlikdir. Ölkəmi növbəti dəfə Avropa çempionu kimi təmsil etdiyim üçün böyük qürur hissi keçirdim.

- Finalda Türkiyə təmsilçisi Özdenur Özmezi 6:0 hesabı ilə məğlub edərək inamlı qələbə qazandınız. Bu görüş üçün xüsusi taktika hazırlanmışdı, yoxsa hesab xalça üzərində yaranan vəziyyətlərdən asılı oldu?

- Ümumilikdə bu Avropa çempionatında yalnız ispaniyalı rəqibimə 2 xal vermişəm. Digər bütün görüşlərdə isə rəqiblərimə xal vermədən qalib gəlmişəm. Düşünürəm ki, bu nəticə hazırlıq prosesinin, məşqçilərimizin əməyi və gördüyümüz sistemli işin bəhrəsidir.

- Üçüncü Avropa çempionluğu uğrunda mübarizə aparmaq üzərinizdə əlavə təzyiq yaradırdı, yoxsa əksinə, sizə daha çox özünəinam verirdi?

- Əlbəttə, üçüncü dəfə Avropa çempionluğu uğrunda mübarizə aparmaq böyük məsuliyyət idi. Amma bu yolda tək deyildim. Məşqçimizin dəstəyi mənə böyük güc verdi. Onun həm mənəvi dəstəyi, həm də dəyərli məsləhətləri inamı daha da artırdı. Mən də çalışdım ki, bu etimadı doğruldum. Ən əsası isə sakitliyimi qoruyaraq xalçada öz güləşimi nümayiş etdirə bildim.

- Deyirlər ki, titulu qorumaq onu ilk dəfə qazanmaqdan daha çətindir. Sizin üçün hansı çempionluq daha ağır oldu?

- Düşünürəm ki, hər çempionluğun öz çətinliyi var. İlk titulda əsas məqsəd özünü sübut etməkdir. Sonrakı çempionluqlarda isə artıq qazandığın adı qorumaq məsuliyyəti daha da artır. Bu baxımdan hər birinin özünəməxsus çətinliyi və dəyəri var.

- U-20 yaş kateqoriyasında artıq zirvədəsiniz. Növbəti hədəfləriniz nələrdir?

- U-20 yaş qrupunda qazandığım uğurlar mənə əlavə motivasiya verir. Bununla yanaşı, bilirəm ki, qarşıda məni daha böyük hədəflər gözləyir. Hazırda bütün diqqətimi qarşıdakı yarışlara və inkişafıma yönəltmişəm. Ən böyük məqsədim Olimpiya Oyunlarında iştirak etmək, Azərbaycanı layiqincə təmsil etmək və ölkəmə olimpiya medalı qazandırmaqdır. Bildiyiniz kimi, mən olimpiya çəki dərəcəsində çıxış edirəm və bütün hazırlığımı da bu məqsədə uyğun qururam. İnanıram ki, zəhmətimin qarşılığını alacaq, qarşıma qoyduğum hədəflərə çatacağam.

İdman.Biz