Bu gün “Turan Tovuz” futbol klubu Konfrans Liqasında çıxış etmək hüququnda məhrum edildiyini rəsmən ictimaiyyətə bəyan edib. Belə ki, UEFA İntizam Komitəsi “Turan Tovuz”u 2026/2027-ci illər mövsümündə avrokubok yarışlarında iştirakdan kənarlaşdırıb. Bu qərar isə UEFA Konfrans Liqasına Tovuz təmsilçisinin əvəzinə “Zirə”nin yollanması ehtimalını yaradıb.
“Zirə” klubunun mətbuat katibi Elmar Abdullazadə İdman.Biz-in sorğusuna cavab olaraq bildirib ki, təmsil etdiyi klub yerli və beynəlxalq futbol qurumlarından bu yöndə bildiriş almadığından indidən hansısa açıqlama vermək düzgün deyil.
“İndi “Zirə” klubunun bütün planı yeni mövsümdə Azərbaycan çempionatına hazırlıqdır. Bizə heç bir rəsmi bildiriş daxil olmayıb. Düzünü desəm, bizim də təcrübəmizdə başqa klubun əvəzinə avrokuboklarda iştirak praktikası yoxdur. Güman edirəm ki, bizə AFFA və ya UEFA-dan rəsmi bildiriş daxil olacaq və ancaq bundan sonra ətraflı nəsə danışmaq olar”, - deyə Elmar Abdullazadə vurğulayıb.
Qeyd edək ki, 2025/26 mövsümünün yekunlarına əsasən Azərbaycan Premyer Liqasını üçüncü pillədə başa vuran “Turan Tovuz” Konfrans Liqasında çıxış etməli idi. Lakin Tovuz təmsilçisi yekun olaraq avrokuboklardan kənarlaşdırıldığından, onu çempionatı beşinci yerdə başa vuran “Zirə” əvəz edə bilər.
Azərbaycan çempionu və ölkə kubokunun qalibi olan “Sabah” Çempionlar Liqasında mübarizə aparacaq. “Qarabağ” Avropa Liqasında çıxış edəcək. Dördüncü yeri tutan “Neftçi” isə Konfrans Liqasına vəsiqə qazanıb.
