Kaşkilya “İmişli” ilə vidalaşdı? - Portuqaliyalıdan açıqlama

24 May 2026 19:25
134
Kaşkilya “İmişli” ilə vidalaşdı? - Portuqaliyalıdan açıqlama

Futbol üzrə Misli Premyer Liqasının 33-cü turunda “Karvan-Yevlax”la 1:1 hesabı ilə başa çatan oyundan sonra “İmişli”nin baş məşqçisi Jorj Kaşkilya gələcəyi ilə bağlı danışıb.

İdman.Biz xəbər verir ki, portuqaliyalı mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında mövsümü dəyərləndirib.

“İstədiyimiz nəticəni qazanmışıq. Futbolçulara, texniki heyətə, klubda çalışan hər kəsə təşəkkür edirəm. Təbii ki, azarkeşlərə də minnətdaram. Mövsüm ərzində uzun yollar qət edərək bizə dəstək göstərirdilər. Azarkeşlər daim qəlbimdə qalacaq. Azərbaycanda olmaqdan məmnunam, həyatımda böyük təcrübə oldu. İstər şəxsi, istərsə də peşəkar biri kimi müsbət düşüncələrim var. “İmişli”yə uğurlar arzu edirəm. Biz bu gün gənc futbolçulara şans verdik. “Karvan-Yevlax”la matçın start heyətində 10 azərbaycanlı yer almışdı. Fikrimcə, nəticə də ədalətli oldu”, - deyə Kaşkilya bildirib.

Mütəxəssis həmçinin ölkə çempionatında çıxış edən yerli futbolçuların keyfiyyətini də yüksək qiymətləndirib:

“Azərbaycan çempionatında çıxış edən yerli oyunçuların keyfiyyəti yüksəkdir. Limitin ləğvi ilə çempionatın səviyyəsi də artıb. Yerli oyunçular legionerlərdən çox şey öyrənə bilər”.

Baş məşqçi “İmişli” ilə vidalaşıb-vidalaşmadığı barədə suala da cavab verib. O, bu gecə Portuqaliyaya yollanacağını, gələcəyi ilə bağlı isə konkret fikir söyləyə bilməyəcəyini deyib.

Kaşkilya başqa klublardan təklif almadığını da vurğulayıb.

İdman.Biz