Almaniyanın “Bavariya” futbol komandasının yarımmüdafiəçisi Camal Musiala karyerasını Türkiyədə davam etdirə bilər.
İdman.Biz “beIN Sports”a istinadən xəbər verir ki, “Qalatasaray” 23 yaşlı futbolçunun transferi ilə bağlı danışıqlarda sona yaxınlaşıb. Keçidin icarə əsasında reallaşması nəzərdə tutulur.
Medianın yaydığı məlumata baxmayaraq, “Qalatasaray” klubu Camal Musiala ilə bağlı yayılan transfer xəbərlərini təkzib edib. İstanbul təmsilçisi 23 yaşlı futbolçu və onun komandası ilə razılığa gəlməsi barədə məlumatların həqiqəti əks etdirmədiyini bildirib.
“Camal Musiala və “Bavariya” ilə klubumuzun razılığa gəldiyi barədə xəbərlər doğru deyil. İctimaiyyətin nəzərinə çatdırırıq”, - deyə “Qalatasaray”ın açıqlamasında qeyd olunub.
Qeyd edək ki, Musiala ötən mövsüm zədə səbəbindən “Bavariya”nın heyətində bütün turnirlərdə 24 oyunda iştirak edib, beş qol vurub və altı məhsuldar ötürmə verib.
Almaniya millisinin üzvünün “Bavariya” ilə müqaviləsi 30 iyun 2030-cu ilədək qüvvədədir.
