Fransanın PSJ futbol komandasının cinah hücumçusu Bredli Barkola karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
İdman.Biz xəbər verir ki, “Liverpul” 23 yaşlı Fransa millisinin üzvünün transferində maraqlıdır.
Jurnalist Ben Ceykobsun məlumatına görə, PSJ Barkola üçün 170 milyon avro (330,4 milyon manat) tələb edəcək. Paris təmsilçisi futbolçunun qiymətləndirilməsində son dövrdə reallaşan yüksək məbləğli transferləri də nəzərə alır.
PSJ Barkolanı satmağa hazırdır, “Liverpul” isə tələb olunan məbləği aşağı salmağa çalışacaq. Tərəflər arasında rəsmi danışıqların hələ başlamadığı bildirilir.
170 milyon avroluq transfer baş tutacağı halda, Barkola “Liverpul” tarixinin ən bahalı futbolçusuna çevriləcək. Mersisayd təmsilçisinin mövcud transfer rekordu 2025-ci ildə Aleksander İsaka görə ödənilən məbləğdir.
