Misli Premyer Liqasının 28-ci turu çərçivəsində doğma meydanda “Qəbələ”ni qəbul edən “Sumqayıt” 1:0 hesablı minimal qələbə qazanıb. Qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Saşa İliç komandasının çıxışını dəyərləndirib.
İdman.Biz xəbər verir ki, mütəxəssis üç xalın əhəmiyyətini vurğulasa da, oyun keyfiyyətindən narazı qalıb.
“Oyunumuzdan razı olmasam da, uzun müddətdən sonra üç xal qazandığımız üçün sevincliyik”, - deyə İliç vurğulayıb.
Serbiyalı məşqçi Nikola Ninkoviçin əvəzlənməsi ilə bağlı sualı isə belə cavablandırıb:
“Ninkoviç komanda üçün vacib oyunçudur. Lakin, bu gün onun da oyunundan razı qalmadım. Həm də 65-ci dəqiqədən sonra əvəzləmə onun yorulması ilə də bağlı idi”.
