Futbol üzrə ABŞ millisinin hücumçusu Baloqan maraqlı həyat hekayəsi ilə diqqət çəkib.
İdman.Biz xəbər verir ki, futbolçunun ABŞ vətəndaşlığı alması tamamilə təsadüf nəticəsində baş verib.
2001-ci ildə Baloqanın anası, Londondan olan Florens hamiləliyinin səkkizinci ayında istirahət üçün Nyu-Yorka yollanıb. Lakin geri qayıtmaq istəyərkən aviaşirkət əməkdaşları onun təyyarəyə minməsinə icazə verməyiblər. Buna səbəb hamiləliyin son dövründə uçuşun təhlükəli hesab olunması olub.
Nəticədə Florens ABŞ-da qohumlarının yanında qalmalı olub və oğlunu planlaşdırıldığı kimi Londonda deyil, Bruklində dünyaya gətirib. Beləliklə, Folarin doğulduğu ölkənin vətəndaşlığını əldə edib.
Bir neçə ay sonra ailə yenidən İngiltərəyə qayıdıb. Baloqan 7 yaşından 19 yaşınadək “Arsenal” akademiyasında yetişib. O, İngiltərə millisinin bütün aşağı yaş qruplarında çıxış etsə də, əsas yığmaya dəvəti ABŞ-dən alıb və bu təklifi qəbul edib.
25 yaşlı futbolçu bu gün dünya çempionatında Paraqvaya qarşı keçirilən oyunda dubl edərək ABŞ millisinin 4:1 hesablı qələbəsində əsas pay sahiblərindən biri olub. Beləliklə, Baloqan mundial debütünü yaddaqalan performansla qeyd edib.
