Bu gün Dünya çempionatının üçüncü günüdür. Ötən mundialın ev sahibi Qətər son üç mundialda qrupdan çıxmağı bacaran İsçevrə ilə qarşılaşacaq.
Azərbaycanda top qovan azı bir İsveçrə millisinin azarkeşi var. Söhbət ötən mövsümü “Şamaxı”da keçirən isveçrəli forvard Kərim Rossidən gedir.
Təcrübəli futbolçu ölkəsinin mundialdakı hədəflərindən və mümkün nəticələrindən danışıb.
“Düşünürəm ki, İsveçrənin hər mövqedə keyfiyyətli oyunçulara sahib olan çox sabit komandası var. Lakin Cerdan Şakiri artıq komandada olmadığı üçün yaradıcılıq baxımından müəyyən çatışmazlıq hiss edirik. Məncə, oyuna nəzarət etməyə çalışan komandalarla yaxşı çıxış edə bilərik, amma daha zəif rəqiblərə qarşı bizə daha çox yaradıcılıq lazım olacaq. Hesab edirəm ki, minimum hədəf qrup mərhələsini keçməkdir və buna nail olacağıq”, - deyə o, offsideplus.az-a açıqlamasında söyləyib.
O, İsveçrə millisindən sürpriz gözlədiyini də deyib:
“Onu da qeyd edim ki, sürpriz edə bilərik. Yarımfinal, final çətindir, amma 1/4-ə qədər yüksələcəyimizi düşünürəm”.
Qeyd edək ki, Qətər - İsveçrə qarşılaşması bu gün Bakı vaxtı ilə 23:00-da start götürəcək.
