İngiltərə millisinin avadanlıqlarının oğurlanmasına görə iki nəfər saxlanılıb - YENİLƏNİB

13 İyun 2026 11:35
110
İngiltərə millisinin avadanlıqlarının oğurlanmasına görə iki nəfər saxlanılıb - YENİLƏNİB

ABŞ-də İngiltərə futbol millisinin avadanlıqlarının oğurlanması ilə bağlı iki nəfər saxlanılıb.

İdman.Biz “Sky Sports”a istinadən xəbər verir ki, Missuri ştatının polisi İngiltərə millisinin avadanlıqlarının əhəmiyyətli hissəsinin oğurlanmasından sonra əməliyyat keçirib.

Hadisə yüklərin Floridadan milli komandanın Kanzas-Sitidə yerləşən bazasına daşınması zamanı baş verib. İngiltərə millisi ən azı növbəti üç həftə ərzində həmin bazada məskunlaşacaq.

Artıq oğurlanan əşyaların böyük hissəsini geri qaytarmaq mümkün olub.

İngiltərə Futbol Assosiasiyası hadisə ilə bağlı yalnız işin yerli polisə həvalə edildiyini bildirib və əlavə şərh verməyib.

Qeyd edək ki, İngiltərə millisi dünya çempionatında ilk oyununu iyunun 17-də Xorvatiyaya qarşı keçirəcək.

10:23

ABŞ-nin Missuri ştatının Kanzas-Siti şəhərinin polisi İngiltərə millisinin avadanlıqlarının oğurlanması ilə bağlı araşdırma aparıldığını təsdiqləyib.

İdman.Biz “Sky News”a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının açıqlamasında komandanın nəqliyyat vasitəsindən avadanlıqların oğurlanması ehtimalının araşdırıldığı bildirilib.

“Kanzas-Sitiyə gələn komandanın avtomobilində əşyaların itdiyi müəyyən edilib. Araşdırma davam edir. İstintaq üçün maraq doğuran iki nəfər saxlanılıb və əlavə araşdırmalar aparılır”, - deyə polis nümayəndələrinin sözlərini "Sky News" dərc edib.

Qeyd edək ki, daha əvvəl İngiltərə millisinin liderləri olan Harri Keyn və Cud Bellinqemin butslarının itməsi barədə məlumat yayılmışdı. Bundan əlavə, komanda demək olar ki, bütün məşq toplarını da itirib.

İdman.Biz
Məqalədə: