“Şəfa”dan ayrılmağımı ədalətli qərar hesab etmirəm. Təkcə öz adımdan yox, komandadan ayrılan digər futbolçular və məşqçi heyəti adından da düşünürəm ki, bizim əsas liqada oynamaq haqqımız var idi. Amma hər işdə bir xeyir var. Ən doğru planı Allah qurur”.
Bu sözləri “Şəfa”dan ayrılan futbolçu Zahid Mərdanov deyib.
Müdafiəçi ayrılıq prosesinin əvvəlcədən ona rəsmi şəkildə bildirilmədiyini də qeyd edib.
“Klubdan mənə ayrılıq barədə heç bir məlumat verilməmişdi. Özüm əlaqə saxlayıb vəziyyəti dəqiqləşdirdim ki, müqavilə uzadılmayacaqsa, işimi bilim. Maraqlanan komandalar üçün bir söz deməliyəm. Daha sonra məlumat verildi. Buna baxmayaraq, “Şəfa”da həm peşəkar inkişaf baxımından irəliləyiş, həm də yaxşı dostluqlar və böyük təcrübə qazandım. Komanda yoldaşlarım və məşqçi heyəti həqiqətən dəyərli insanlar idi”, - deyə o, futbolinfo.az-a açıqlamasında söyləyib.
Gələcək karyerası barədə danışan Mərdanov təkliflərin olduğunu vurğulayıb:
“Təkliflər var, maraqlanan klublar mövcuddur. Hazırda danışıqlar gedir. Tələsmək istəmirəm. Mənim üçün əsas meyar inkişaf edə biləcəyim klubda oynamaqdır”.
