“Kəpəz” futbol klubunun yeni mövsümə hazırlıqlarını davam etdirir. Gəncə təmsilçisi toplanışda “Qəbələ”yə uduzub (1:2), “Şamaxı” və “Sumqayıt”la heç-heçəyə razılaşıb (hər iki oyun 0:0).
“Kəpəz”in baş məşqçisi Azər Məmmədov toplanış və transfer çalışmaları ilə bağlı futbolpress.az-ın suallarını cavablandırdı:
– Komandanın hazırlığını necə dəyərləndirirsiniz?
– Hazırlıq prosesi planlaşdırdığımız şəkildə davam edir. Futbolçular məşqlərdə verilən tapşırıqları yerinə yetirməyə çalışırlar. Təbii ki, hələ tam hazır vəziyyətdə deyilik. Yeni transferlər var, komandaya qoşulan futbolçuların uyğunlaşması üçün müəyyən vaxt lazımdır. Eyni zamanda, gənc futbolçulara da şans veririk. Qarşıda mövsümün startına qədər vaxtımız var və bu müddətdən maksimum istifadə etməyə çalışacağıq. İnanıram ki, çempionat başlayana qədər komanda daha optimal vəziyyətə gələcək.
– Ardıcıl iki yoxlama oyununda qol vura bilməmisiniz. Hücumdakı problemi necə həll etməyi düşünürsünüz?
– Əlbəttə, hücum xəttində daha məhsuldar olmalıyıq. Yoxlama oyunlarında qol vura bilməməyimiz üzərində işləməli olduğumuz məqamları göstərir. Bununla belə, hazırlıq oyunlarında əsas məqsəd nəticə deyil. Biz həm komandanın oyun modelini formalaşdırırıq, həm də futbolçuların bir-birinə uyğunlaşmasına çalışırıq. Hücum xəttində güclənmək üçün də işlər aparılır. Düşünürəm ki, yeni futbolçuların komandaya qoşulması və hazırlıq prosesinin davam etməsi ilə bu problemi də aradan qaldıra biləcəyik.
– Daha neçə transfer gözlənilir və hansı mövqelərə axtarışdasınız?
– Konkret say demək hələ tezdir, çünki transfer prosesi davam edir və danışıqlar aparılır. Əsas diqqət hücum xəttinin gücləndirilməsinə yönəlib. Bizə həm rəqabəti artıracaq, həm də komandaya keyfiyyət qatacaq futbolçular lazımdır. İstəyirik ki, transferlərdə düzgün seçim edək və mövsümə tam heyətlə başlayaq.
– Yeni mövsüm üçün qarşınıza qoyulan əsas hədəf nədir?
– Əsas məqsədimiz rəqabətədavamlı komanda formalaşdırmaq və hər oyunda nəticə uğrunda mübarizə aparmaqdır. İstəyirik ki, komandamız yaxşı futbol nümayiş etdirsin. Turnir cədvəlində də maksimum yuxarı pillələrdə yer almağa çalışacağıq.
