Devid Bekhem: “Maykl Kerrikə ehtiyacımız var idi”

29 Mart 2026 16:33
124
Devid Bekhem: “Maykl Kerrikə ehtiyacımız var idi”

İngiltərənin “Mançester Yunayted” klubunun əfsanəvi futbolçusu Devid Bekhem komandanın müvəqqəti baş məşqçisi Maykl Kerrikin fəaliyyəti barədə fikirlərini bölüşüb. Kerrik yanvar ayında “sükan arxasına” keçdikdən sonra çıxdığı 10 matçın yeddisində qələbə qazanaraq rəhbərliyin etimadını doğrultmağa başlayıb.

İdman.Biz “Mirror” nəşrinə istinadla xəbər verir ki, Bekhem Kerrikin kluba gətirdiyi “sakitlik” faktorunu xüsusi vurğulayıb.

O, müsahibəsində bildirib ki, bu cür atmosfer son 10 ildə "Old Trafford"da hiss olunmayıb:

“Düzünü desəm, son bir neçə ay son 10 ildən daha rahat keçib. Mayklı hər zaman bir məşqçi kimi bəyənmişəm. Onun kənardakı duruşunda bir sakitlik, hətta deyərdim ki, zəriflik var - istər sevinəndə, istərsə də qəzəblənəndə. Bu, bir menecer üçün çox vacibdir. Onun komandanı bir araya gətirmə tərzi inanılmazdır. Bir “Yunayted” azarkeşi kimi düşünürəm ki, bu, məhz bizə lazım olan şey idi”.

2026-cı ilin əvvəlində Ruben Amorim istefaya göndəriləndə “Mançester Yunayted” turnir cədvəlində altıncı pillədə qərarlaşmışdı. Kerrikin rəhbərliyi altında mümkün 30

xaldan 23-nü toplayan komanda artıq üçüncü sıraya yüksəlib və beşinci yerdəki “Liverpul”u altı xal qabaqlayır.

Klubun idman direktoru Ceyson Vilkoks və icraçı direktor Omar Berrada hələ ki, digər namizədlərlə rəsmi danışıqlara başlamayıblar. Baxmayaraq ki, siyahıda “Bornmut”dan Andoni İraola, “Kristal Palas”dan Oliver Qlasner və sabiq “Marsel”li Roberto De Zerbi kimi adlar var, Kerrik hazırda əsas favorit hesab olunur.

Maykl Kerrik özü isə gələcəyi ilə bağlı sualları cavablandırmaqdan yayınaraq, diqqətini Premyer Liqada qalan 7 oyuna yönəltdiyini bildirib.

İdman.Biz