Azərbaycanın sərbəst güləş üzrə U-17 millisinin üzvləri Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatında daha üç medal üçün mübarizə aparacaqlar.
İdman.Biz xəbər verir ki, 51 kq çəki dərəcəsində çıxış edən İbrahim Həsənovun final görüşünə çıxacaq. O, ukraynalı Boqdan Kazakovu 10:0, rusiyalı Xalid Sonqurbekovu 12:0, belaruslu Yanis Şapartaunu isə 10:0 hesabı ilə məğlub edərək həlledici mərhələyə yüksəlib. Finalda onun rəqibi türkiyəli Muhammed Gölha olacaq.
45 kq-da Tunar Həsənov bürünc medal uğrunda güləşəcək. O, ilk görüşdə gürcüstanlı Mkrtiç Canamyanı 3:2 hesabı ilə məğlub etsə də, dörddəbir finalda ukraynalı Marko Kvasniuka uduzub. Həsənov üçüncü yer uğrunda qarşılaşmada türkiyəli Buğra Eldemirlə üz-üzə gələcək.
92 kq-da Elgün Kərimli mübarizəni təsəlliverici görüşdə davam etdirəcək. Azərbaycanlı güləşçi startda ermənistanlı Artur Mkrtçyanı 8:0 hesabı ilə üstələyib, dörddəbir finalda isə rusiyalı Abdurazak Şabanova 4:15 hesabı ilə məğlub olub. O, təsəlliverici mərhələdə belaruslu Timur Mirzəyevlə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan millisi turnirdə bu vaxta qədər 13 medal qazanıb. Yığmanın aktivində üç qızıl, dörd gümüş və altı bürünc mükafat var.
