Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-17 Avropa çempionatı keçirilir.
İdman.Biz xəbər verir ki, bu gün baş tutan təsnifat mərhələsində 45 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz Tunar Həsənov Gürcüstan təmsilçisi Mkrtiç Canamyana 3:2 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib.
71 kiloqram çəki dərəcəsində çıxış edən Tunar Quliyev ilkin mərhələdə ermənistanlı Avetik Tutxalyana 2:15 hesabıyla məğlub olub. 92 kiloqramda mübarizə aparan təmsilçimiz Elgün Kərimli isə Ermənistan güləşçisi Artur Mkrtçyan üzərində 8:0 hesablı inamlı qələbə qazanaraq 1/4 finala vəsiqə əldə edib.
Bu mərhələdə digər təmsilçilərimiz Vahid Məmmədov (60kq) ispaniyalı Samvel Gorgyanla, İbrahim Həsənov (51 kq) ukraynalı Bohdan Kazakovla qarşılaşacaq.
Qeyd edək ki, yarış mayın 17-də başa çatacaq.
