“Avropa çempionu olduğum üçün çox sevinirəm”.
İdman.Biz xəbər verir ki, Bolqarıstanın Samokov şəhərində keçirilən qitə birinciliyində fəxri kürsünün ən yüksək pilləsinə qalxan yunan-Roma güləşçisi Əli Cavadlı (45 kq) bu barədə Azərbaycan Güləş Federasiyasına açıqlamasında deyib.
O, yarışa uğurla başladığını bildirib:
“İlk görüşüm Bolqarıstan idmançısına qarşı oldu və 8:0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəldim. 1/4 finalda Ermənistan təmsilçisini 7:1 hesabı ilə məğlub etdim. Yarımfinalda Gürcüstan güləşçisinə 7:6 hesabı ilə qalib gəldim. Finalda isə Rusiya idmançısını 9:1 hesabı ilə məğlub edərək qızıl medal qazandım. Finalda güləşi hücum üslubunda qurdum. Görüşün əvvəlindən aktivliyi ələ aldım və parter vəziyyətində üstünlük əldə edərək qələbə qazandım. Bu qələbəni şəxsi məşqçim Şamxal Ağamalıyev-ə və atama həsr edirəm. Əsas hədəfim Bakıda keçiriləcək dünya çempionatında da qızıl medal qazanmaqdır”.
Qeyd edək ki, yunan-Roma güləşi üzrə U-17 millimiz Avropa çempionatını altı medalla başa vurub.
