“Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının 24-cü turu çərçivəsində keçirilən “Kəpəz”lə (1:1) heç-heçədən sonra oyunu dəyərləndirib.
İdman.Biz xəbər verir ki, təcrübəli mütəxəssis itirilən xallara görə təəssüfünü gizlətməyib.
“Təəssüflər olsun ki, çox vacib iki xal itirdik. Oyunun ikinci hissəsi bir qədər fərqli alındı. Səhvlərimizi təhlil edib növbəti oyuna hazırlaşacağıq”, - deyə Berdiyev söyləyib
Berdiyev jurnalistlərin suallarını cavablandırarkən heyətdəki məcburi dəyişikliklərə və zədəlilərə də toxunub. O, Enrike Silvanın zədələnməsindən sonra meydana daxil olan Faiq Hacıyevin çıxışını belə şərh edib:
“Faiq uzun müddət idi ki, oynamırdı. Ona görə də bəzi səhvlərin olması təbiidir. Roderik Millerin yoxluğuna gəlincə, o, zədəli olduğu üçün bu gün bizə kömək edə bilmədi”.
Baş məşqçi komandanın autsayderlərə qarşı oyunda xal itirməsi və motivasiya problemi ilə bağlı tənqidlərlə razılaşıb:
“Təəssüf ki, bu fikirdə haqlısız. Həm “Zirə”, həm də “Neftçi” ilə oyunlardan sonra eyni vəziyyət yaşandı. Fikirləşirəm ki, futbolçularda emosiyalar kifayət etmir. Liderlərə qarşı olan köklənmə və konsentrasiya bu cür komandalara qarşı matçlarda olmur. Bunun üzərində mütləq işləyəcəyik”.
