La Liqa: “Real Madrid” “Espanyol”u məğlub etdi – YENİLƏNİB + VİDEO

4 May 2026 01:05
1 302
La Liqa: “Real Madrid” “Espanyol”u məğlub etdi – YENİLƏNİB + VİDEO

İspaniya La Liqasında çempionluq uğrunda mübarizə aparan “Real Madrid” komandası səfərdə “Espanyol”un qonağı olub. İspaniya La Liqasının 34-cü turu çərçivəsində “Kornelya-El Prat” stadionunda keçirilən qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Idman.Biz xəbər verir ki, Madrid klubunun hücumçusu Vinisius Junior 55-ci dəqiqədə hesabı açıb. Qarşılaşmanın 66-cı dəqiqəsində isə braziliyalı futbolçu özünün və komandasının ikinci qolunu rəqib qapısından keçirib.

Bu qələbədən sonra xallarının sayını 77-yə çatdıran “Real Madrid” turnir cədvəlinin ikinci pillədəki mövqeyində qalıb. Siyahıya 88 xalla “Barselona” başçılıq edir. “Espanyol” isə 39 xalla 13-cü yerdədir.

Növbəti turda “Real Madrid” səfərdə “Barselona” ilə üz-üzə gələcək. Qarşılaşma 10 may tarixində “Spotify Kemp Nou” stadionunda keçiriləcək.

22:42

İspaniya La Liqasında 34-cü turun oyunları keçirilir. “Betis” öz meydanında “Oviedo”nu qəbul edib. Meydan sahiblərinin tam üstünlüyü ilə keçən oyun 3:0 hesablı qələbə ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, matçda hesabı 22-ci dəqiqədə Kuço Ernandes açıb. Birinci hissənin sonuna yaxın, 45-ci dəqiqədə hücumçu Abde Ezzalzuli fərqi iki topa çatdırıb. İkinci hissədə də hücumlarını davam etdirən Seviyya təmsilçisi 59-cu dəqiqədə üçüncü qolu vurub. Kuço Ernandes dublunu rəsmiləşdirərək hesabı darmadağın səviyyəsinə çatdırıb.

Qeyd edək ki, qonaqların heyətində Federiko Vinyasın 53-cü dəqiqədə vurduğu qol VAR sistemindəki baxışdan sonra ləğv edilib.

Bu qələbə sayəsində xallarının sayını 53-ə çatdıran “Betis” turnir cədvəlində beşinci pillədə qərarlaşıb. 28 xalı olan “Oviedo” isə sonuncu - 20-ci yerdədir.

20:52

İspaniya La Liqasında 34-cü turun oyunları keçirilir. “Xetafe” öz meydanında “Rayo Valyekano”nu qəbul edib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, matçın 38-ci dəqiqəsində Serxio Kamelyo hesabı açaraq “Rayo Valyekano”nu önə çıxarıb. Meydan sahibləri 64-cü dəqiqədə hesabı bərabərləşdirmək üçün əla şans qazansalar da, Mauro Arambarri penaltidən yararlana bilməyib. 73-cü dəqiqədə qonaqlar daha bir məhsuldar hücum təşkil ediblər. Xerard Qumbaunun ötürməsindən sonra Randi Ntekya topu qapıdan keçirərək görüşdə son nöqtəni qoyub.

Bu qələbədən sonra 42 xal toplayan “Rayo Valyekano” turnir cədvəlində 11-ci pillədə qərarlaşıb. Aktivində 44 xalı olan “Xetafe” isə yeddinci yerdədir.

18:37

İspaniya La Liqasında 34-cü turun oyunları keçirilir. Turnir çərçivəsində “Selta” öz meydanında “Elçe”ni qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, matçın 14-cü dəqiqəsində Xavi Ruedanın ötürməsini qola çevirən Uqo Alvares hesabı açıb. 30-cu dəqiqədə isə Yaqo Aspas fərqi iki topa çatdırıb.

İkinci hissənin sonunda “Elçe” fərqi azaltsa da, bu, qələbə üçün kifayət etməyib. 82-ci dəqiqədə Andre Silva penaltini dəqiq yerinə yetirib. Lakin görüşün sonlarında Uillot Svedberqin ötürməsindən sonra Borxa İqlesias üçüncü topu rəqib qapısından keçirərək yekun hesabı müəyyənləşdirib.

Bu nəticədən sonra “Selta” xallarını 47-yə çatdıraraq altıncı pilləyə yüksəlib. “Elçe” isə 38 xalla 14-cüdür.

İdman.Biz