Cüdoçularımız Böyük Dəbilqəni üç medalla başa vurdular - YENİLƏNİB + VİDEO

3 May 2026 18:26
1 389
Cüdoçularımız Böyük Dəbilqəni üç medalla başa vurdular - YENİLƏNİB + VİDEO

Tacikistanın paytaxtı Düşənbədə keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirinin sonuncu günü Azərbaycan milli komandası üçün uğurlu olub. Ağır çəki dərəcəsində mübarizə aparan iki idmançımız bürünc medal qazanaraq yarışı mükafatçılar sırasında tamamlayıblar.

İdman.Biz xəbər verir ki, 100 kq çəki dərəcəsində çıxış edən Camal Qamzatxanov üçüncü yer uğrunda görüşdə rumıniyalı Darius Dobre ilə qarşılaşıb. Rəqibini məğlub edən cüdoçumuz bürünc mükafatın sahibi olub.

Milli komandamızın heyətində sonuncu mükafatçı isə Uşanqi Kokauri (+100 kq) olub. O, həlledici qarşılaşmada Özbəkistan təmsilçisi Muxammadkodir Mansurovu üstələyərək bürünc medala layiq görülüb.

Dünən isə Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev bürünc medal qazanıb.

Xatırladaq ki, Dünya Cüdo Turuna daxil olan turnirdə Azərbaycan dörd çəki dərəcəsində altı cüdoçu ilə təmsil olunub. Murad Muradlı (60 kq), İslam Rəhimov və Nizami İmranov (hər ikisi 66 kq) medal qazana bilməyiblər.

13:29

Tacikistanın paytaxtı Düşənbədə keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirində Azərbaycanın daha bir idmançısı finalın bir addımlığında məğlub olub. +100 kq çəki dərəcəsində çıxış edən Camal Qamzatxanov yarımfinal görüşündə rəqibi ilə bacarmayıb.

İdman.Biz xəbər verir ki, təmsilçimiz həlledici mərhələyə yüksəlmək üçün Rusiya idmançısı Bislan Katamardov ilə qarşılaşıb. Görüş rəqibin qələbəsi ilə başa çatdığı üçün Camal mübarizəni bürünc medal uğrunda davam etdirəcək.

Üçüncü yer uğrunda qarşılaşmada Qamzatxanovun rəqibi rumıniyalı Darius Dobre olacaq. Beləliklə, turnirin son günündə Azərbaycanın iki ağır çəkili cüdoçusu bürünc medal qazanmaq imkanı əldə edib.

13:17

Tacikistanın paytaxtı Düşənbədə keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirində Azərbaycan təmsilçisi Uşanqi Kokauri yarımfinal görüşünə çıxıb. +100 kq çəki dərəcəsində mübarizə aparan idmançımız polşalı Yakub Sordil ilə üz-üzə gəlib.

İdman.Biz xəbər verir ki, gərgin keçən qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb. Nəticədə Kokauri finala yüksəlmək şansını itirib.

Buna baxmayaraq, cüdoçumuz bürünc medal uğrunda həlledici görüşdə Özbəkistan idmançısı Muxammadkodir Mansurov ilə qüvvəsini sınayacaq.

12:51

Cüdoçularımızın yarımfinaldakı rəqibləri müəyyənləşib. +100 kq çəki dərəcəsində çıxış edən Camal QamzatxanovRusiya təmsilçisi Bislan Katamardov, Uşanqi Kokauri isə Polşa nümayəndəsi Yakub Sordil ilə qarşılaşacaq.

12:37

Tacikistanın paytaxtı Düşənbədə keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirində Azərbaycan idmançıları uğurlu çıxışlarını davam etdirirlər. Ağır çəki dərəcəsində mübarizə aparan hər iki təmsilçimiz rəqiblərinə şans verməyərək yarımfinal mərhələsinə vəsiqə qazanıblar.

İdman.Biz xəbər verir ki, +100 kq çəki dərəcəsində çıxış edən Uşanqi Kokauri ardıcıl qələbələrlə diqqət çəkib. O, əvvəlcə iranlı, daha sonra isə Rumıniya təmsilçisini ipponla məğlub edərək adını ən güclü dördliyin siyahısına yazdırıb.

Eyni çəki dərəcəsində yer alan digər cüdoçumuz Camal Qamzatxanov da rəqibi üçün keçilməz olub. O, monteneqrolu Yovan Pekoviçi ipponla üstələyərək ikinci yarımfinalçımız olub.

09:34

Tacikistanın paytaxtı Düşənbədə keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirinin son günündə Azərbaycanın daha iki idmançısı qüvvəsini sınayacaq.

İdman.Biz xəbər verir ki, yarışın üçüncü günündə ağır çəkili cüdoçularımız mübarizəyə qoşulacaqlar.

Kişilərin yarışında, 100 kiloqramdan yuxarı çəki dərəcəsində Uşanqi Kokauri səkkizdəbir final mərhələsində İran təmsilçisi Mohammadpuria Banaeyan Tolki ilə qarşılaşacaq. Eyni çəki dərəcəsində çıxış edən digər idmançımız Camal Qamzatxanov isə növbəti mərhələyə yüksəlmək üçün Yovan Pekoviç ilə üz-üzə gələcək.

İdman.Biz