Qurban Qurbanov: “Futbolun gözəlliyi ondadır ki, bəzən ən az gözlədiyiniz şeylərlə qarşılaşırsınız”

1 Mart 2026 22:52
72
Qurban Qurbanov: “Futbolun gözəlliyi ondadır ki, bəzən ən az gözlədiyiniz şeylərlə qarşılaşırsınız”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Sabah”la baş tutan dramatik matçdan sonra keçirilən mətbuat konfransında qarşılaşma zamanı baş verən münaqişə barədə danışıb.

İdman.Biz xəbər verir ki, təcrübəli mütəxəssis “Sabah”la oyundan sonra həmkarı Valdas Dambrauskasla sözügedən epizodu müzakirə etdiklərini söyləyib.

“Onların köməkçi məşqçisi ilə bizim məşqçi arasında münaqişə yaşandı. Bizə qarşı ədəbsizlik etmişdi. Bildirdim ki, bizim bütün kollektivdən üzr istəmək lazımdır. Baş məşqçi də yaxınlaşdı və onun əvəzindən üzr istədi”, - deyə Qurbanov bildirib.

Oyunun gedişi barədə də danışan mütəxəssis bildirib ki, bəlkə də futbolçular "Sabah"ın hazırkı səviyyəsini tam dəyərləndirməmişdilər:

"Halbuki rəqib çox yaxşı formadadır və son 10 qarşılaşmada uduzmayıb. Bu gün meydanda heç-heçə qeydə alındı və oyunçulara irad bildirəcək sözüm yoxdur. Sadəcə, qarşıdakı matçlarda daha diqqətli olmalı, bütün diqqətimizi oyuna yönəltməliyik.

Ümumilikdə baxımlı, tempolu və dinamik qarşılaşma izlədik. Stadionda çox yaxşı atmosfer vardı. Həm futbolçulara, həm də azarkeşlərə təşəkkür edirəm. 1:0-dan sonra riskə getməyə məcbur qaldıq. Rəqibin hücum xəttində sürətli və keyfiyyətli oyunçular var idi və düşən imkanları dəyərləndirdilər. Amma futbolun gözəlliyi də bundadır. 3:3 hesabı matçı daha da dramatik və maraqlı etdi”.

İdman.Biz