Misli Premyer Liqasının 22-ci turunun son oyunun “Qarabağ” və “Sabah” arasında baş tutanqarşılaşmada qonaqlar üç top fərqi ilə öndə olsalar da, meydan sahibləri oyunun taleyini dəyişə biliblər - 3:3.
İdman.Biz xəbər verir ki. “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
“Matçdan əvvəl məşqçilər korpusu ilə söhbətdə deyirdik ki, qarşılaşma 3:3 hesabı ilə bitə bilər. Təəssüf ki, 3:0 önə keçsək də, bu üstünlüyü sona qədər qoruya bilmədik. "Qarabağ"ın təcrübəsi öz sözünü dedi. Son 20 dəqiqədə onların oyun bilgisi və soyuqqanlılığı həlledici oldu. 3:0 hesabı ilə irəlidəsənsə, istənilən halda nəticəni qorumağın yolunu tapmalısan, amma bacarmadıq. Ciddi dərsdir, mütləq nəticə çıxarmalıyıq. Bəzən daxili çempionat oyunları Çempionlar Liqası qarşılaşmalarından daha gərgin və maraqlı alınır. Bu matçda da hər şey vardı – dramatizm, intriqa, emosiyalar”, - deyə Dambrauskas söyləyib.
- İki xal itirdiniz, yoxsa bir xal qazandınız?
- Oyundan əvvəl bu sualı versəydiniz, başqa cür cavablandırardım. Amma 3:0-dan sonra əlbəttə ki, itirilmiş xallar kimi qiymətləndiririk. Ona görə də "Qarabağ"ı geridönüşə görə təbrik etdim. Biz isə səhvlərimizi analiz etməliyik. Ümid edirəm ki, eyni yanlışları təkrarlamayacağıq.
- Köməkçilərinizdən birinin Müşfiq Hüseynova qarşı qeyri-etik davranışı barədə nə deyə bilərsiz?
- Bu məsələ ilə bağlı üzrümüzü bildirdik. Açığı, həmin epizodu görməmişdim, çünki diqqətim oyunda idi. Birdən gördüm ki, hər iki ehtiyat skamyası ayaqdadır və nəsə baş verib. "Sabah" olaraq bu cür halları qəbul etmirik. Hörmət bizim üçün əsas prinsipdir. Biz feyr-pley qaydalarına daim əməl edirik.
- Çempionluğa iddialı komanda 12 dəqiqədə üç qol buraxdı. Səbəb nə idi?
- Artıq qeyd etdim – konsentrasiya problemi, təcrübə çatışmazlığı və rəqibin təzyiqi.
- Xəyal Əliyevin fasilədə əvəzlənməsi nə ilə bağlı idi?
- Məcburi dəyişiklik idi. Sağlamlıq problemi vardı. Hətta dünən onun start heyətində oynayıb-oynamayacağı sual altındaydı.
- Son dəqiqələrdə hakim qərarlarına etiraz edirdiniz. İdarəçilik barədə fikriniz?
- İndi nə desəm, nəticəni dəyişməyəcək. Hakimlərin fəaliyyətinə cavabdeh qurum var və onlar məsələni qiymətləndirəcəklər. Hamımız insanıq və səhv edə bilərik. Ümid edirəm ki, heç bir qərar qəsdən verilməyib. Daha artıq şərh vermək istəmirəm. Matç başa çatıb. Mən öz komandamın oyununu təhlil etməliyəm. Futbolçuların səhvlərinə görə məsuliyyət daşıyıram, hakimlərlə bağlı məsuliyyət isə aidiyyəti qurumun üzərinə düşür.
