Almaniya Bundestaqının 24-cü turu çərçivəsində “Ştutqart” futbol komandası “Volfsburq”u böyükhesablı məğlubiyyətlə yola salıb. Görüşün taleyi elə ilk 45 dəqiqədə vurulan qollarla həll olunub.
İdman.Biz xəbər verir ki, hesab 21-ci dəqiqədə açılıb. Ermedin Demiroviçin ötürməsindən sonra Denis Undav dəqiq zərbə ilə komandasını önə çıxarıb - 1:0. Az keçmədən Kris Fürixin yaratdığı fürsəti Ceymi Levelinq qola çevirərək fərqi artırıb.
Birinci hissənin sonuna yaxın “Volfsburq”un müdafiəçisi Morits Yents ötürməni kəssə də, Levelinq dərhal topa sahib çıxaraq dublunu rəsmiləşdirib - 3:0. Qonaqların heyətində Lovro Mayer rəqib müdafiəçinin kobud səhvindən sonra fərqlənmək şansı qazansa da, zərbəsi qapıdan yan keçib. Matçda son nöqtəni 90-cı dəqiqədə Nikolas Nartey qoyub - 4:0.
Bu qələbədən sonra “Ştutqart” (46) “Hoffenhaym”la turnir cədvəlində üçüncü pilləni bölüşür. “Volfsburq” (20) isə autsayderlər sırasında - sondan ikinci yerdə qərarlaşıb.
