PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi FIFA prezidentliyinə namizədliyini irəli sürəcəyi barədə iddiaları rəsmən təkzib edib.
İdman.Biz xəbər verir ki, Danimarkada keçirilən Avropa Futbol Klubları (EFC) Baş Assambleyasında çıxış edən Əl-Xəlaifi Canni İnfantinonu əvəzləmək niyyətində olmadığını bildirib.
“FIFA-ya qətiyyən marağım yoxdur, orada oturmaq iddiam da yoxdur. Düşünmürəm ki, orada olmalı olan adam mənəm və əslində, ora getmək istəmirəm”, – deyə o bildirib.
Əl-Xəlaifi hazırkı vəzifələrindən məmnun olduğunu və Avropa futbolundakı layihələr üzərində işləməyə davam etmək istədiyini də vurğulayıb.
“Etdiyim işi qiymətləndirirəm və əylənirəm. Biz birlikdə müsbət layihələr qurmağa davam etmək istəyirik. FIFA mənlik deyil”, – deyə PSJ prezidenti əlavə edib.
Qeyd edək ki, Canni İnfantino gələn ilin martında keçiriləcək seçkilər ərəfəsində hazırda FİFA prezidentliyinə yeganə elan edilmiş namizəddir.
