“Çelsi” “Bayer Leverkuzen”in müdafiəçisi Carell Kuansanın transferi ilə maraqlanır.
İdman.Biz “Bild” nəşrinə istinadən xəbər verir ki, London klubu 23 yaşlı futbolçu ilə bağlı Almaniya təmsilçisinə sorğu göndərib.
Kuansa 2025-ci ildə İngiltərə U-21 millisinin Avropa çempionluğuna kömək etdikdən sonra 35 milyon avroya “Liverpul”dan “Bayer Leverkuzen”ə keçib. Mərkəz müdafiəçisi Almaniya klubu ilə 2030-cu ilə qədər müqavilə imzalayıb və əsas heyətin daimi üzvünə çevrilib.
23 yaşlı futbolçu İngiltərə millisində də əsas heyətə yaxın oyunçulardan biridir. Həm mərkəz, həm də sağ cinah müdafiəçisi kimi çıxış edə bilməsi, sürəti, fiziki gücü, mübarizə aparmaq və oyunu arxadan qurmaq bacarığı onu Avropanın diqqətçəkən gənc müdafiəçilərindən birinə çevirib.
“Liverpul”un Kuansanı geri qaytarmaq hüququ da qalır. Mersisayd klubu bu bəndi 2027-ci il iyunun 15-dək aktivləşdirə bilər. Bunun üçün “qırmızılar” 70 milyon avro (140 milyon manat) ödəməlidir.
Kuansa ilə maraqlanan digər klubun isə “Çelsi” olduğu bildirilir. “Bayer Leverkuzen”in sabiq baş məşqçisi Xabi Alonsonun çalışdırdığı London təmsilçisi müdafiəçi barədə artıq sorğu göndərib.
“Arsenal”ın da futbolçu ilə maraqlandığı qeyd olunur. “Topçular”ın avqust ayında Kuansa üçün “Bayer Leverkuzen”ə 65 milyon avroluq təklif göndərdiyi, lakin bu təklifin rədd edildiyi bildirilir.
