Futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasının D2 qrupu çərçivəsində Lixtenşteyni qəbul edəcək.
İdman.Biz xəbər verir ki, milli komandanın baş məşqçisi Ayxan Abbasov oyunqabağı mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Mütəxəssis vurğulayıb ki, ilk yer uğrunda mübarizə aparmaq üçün yığma Lixtenşteyni məğlub etməlidir.
“Biz ikinci oyunumuzu keçirəcəyik. Əgər turnir cədvəlində birinci yeri tutmaq istəyiriksə, qalib gəlməliyik. Rəqibi yaxşı tanıyırıq. Lixtenşteyn yığması motivasiyalı komandadır. Onların itirəcək heç nələri yoxdur, mübarizə aparırlar. Rəqibin müdafiəsini yarıb keçməliyik. Əgər tələssək və oyunumuzu düzgün qurmasaq, çətinliklərlə üzləşə bilərik. İnanıram ki, futbolçularımız həm yaxşı oyun göstərəcək, həm də qələbə qazanacaqlar”, – deyə Abbasov bildirib.
Baş məşqçi Litva ilə matçla müqayisədə komandada hansı dəyişikliklərin olacağı barədə də danışıb.
“Biz hər dəfə oyunu məhz həmin rəqibi nəzərə alaraq təhlil edirik. Bunlar fərqli komandalardır. Litva və Lixtenşteyn tamamilə fərqli oynayırlar. Başa düşürük ki, bu matçda müdafiəni yarmaq çox vacib olacaq. Hücumları yaxşı tamamlamalıyıq. Bunu yerinə yetirmək lazımdır. Artıq üç məşqdir ki, bunun üzərində işləyirik. İnanıram ki, istədiyimiz qolları vuracağıq. Rəqibin ən güclü cəhəti əks-hücumlardır”, – deyə mütəxəssis vurğulayıb.
Azərbaycan millisinin çalışdırıcısı müasir futbolda autsayder hesab edilən komandaları belə zəif rəqib kimi qiymətləndirməyin mümkün olmadığını bildirib.
“Milli komandalar arasında zəif rəqib olmur. Hər kəs xal qazana bilər. Hələ hazırlıq dönəmində deyirdik ki, Millətlər Liqasında rəqiblərimizə qarşı çox hücum etməli və üstün oynamalıyıq. Əvvəlki matçlarda bu, az oldu, çünki rəqiblərimiz Fransa və Ukrayna idi”, – deyə Abbasov söyləyib.
Mütəxəssisin sözlərinə görə, bəzi futbolçularda da xırda zədələr var. O, qarşıdakı görüşdə kimin meydana çıxacağını bugünkü məşqdən sonra müəyyənləşdirəcək.
“Digər futbolçularda da kiçik zədələr var. Bugünkü məşqdən sonra sabah kimin meydana çıxa biləcəyi mənə aydın olacaq. Amma Renat Dadaşov dəqiq oynamayacaq”, - deyə Abbasov bildirib.
Baş məşqçi həmçinin azarkeşlərin stadionda komandaya dəstək olacağına ümid etdiyini bildirib.
“Milli komandamızın dəstəyə ehtiyacı var. İnanıram ki, azarkeşlər gələcəklər. Futbolçulara bu stadionda oynamaq xoş gəlir. Ümid edirəm ki, tribunalar bizə dəstək olacaq”, – deyə o əlavə edib.
Abbasov Zamiq Əliyevin millinin heyətində olmamasına da münasibət bildirib və futbolçunun çıxışlarını izləməyə davam etdiklərini vurğulayıb.
“Bütün futbolçular müsahibə verirlər. Mən hər zaman onları başa düşürəm, çünki hər kəs milli komandada oynamaq istəyir. Lakin Zamiq yəqin ki, bilmir, biz onun bütün oyunlarına baxmışıq. Tur bitən kimi xaricdə çıxış edən futbolçuların oyunlarına baxıram. Zamiqi də izləyirik. Söz düşmüşkən, necə seçim etdiyimizi izah edim. Ola bilər ki, məşqçilərin başqa baxışı olsun. Hazırda onun mövqeyində Anton Krivotsyuk, Rəhman Daşdəmirov və Murad Xaçayev var. Biz onlara üstünlük verdik. Lakin bu o demək deyil ki, Zamiq xoşumuza gəlmir. Sabah o da dəvət ala bilər. Mənim Zamiqlə heç bir şəxsi problemim yoxdur”, – deyə Abbasov fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Millətlər Liqasının Azərbaycan - Lixtenşteyn oyunu sabah, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
