Azərbaycanlı futbolçu Murad Məmmədovun çıxış etdiyi “Pafos” Kipr çempionatının 10-cu turunda səfərdə “Omoniya Aradippu”nu 2:1 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, qonaqlar qarşılaşmaya uğurlu başlayaraq 17-ci dəqiqədə Ken Semanın, 27-ci dəqiqədə isə Jonatas Noronun qolları ilə 2:0 hesablı üstünlük qazanıblar.
Lakin cəmi iki dəqiqə sonra “Pafos”un futbolçusu Anderson Silva avtoqol müəllifi olub və meydan sahibləri fərqi azaldıblar.
İkinci hissənin əvvəlində qonaqların vəziyyəti daha da çətinləşib. Fasilədə meydana daxil olan Dominqos Kina 47-ci dəqiqədə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.
59-cu dəqiqədə “Omoniya Aradippu”nun futbolçusu Yorqos Pontikos topu qapıdan keçirsə də, VAR yoxlamasından sonra qol ləğv edilib.
Buna baxmayaraq, “Pafos” üstünlüyünü sonadək qoruyaraq səfərdən üç xalla ayrılıb.
Azərbaycanlı futbolçu Murad Məmmədov qarşılaşmanın iştirak ərizəsində yer alsa da, ehtiyat oyunçular skamyasından meydana daxil olmayıb.
Bu qələbədən sonra “Pafos” xallarının sayını 19-a çatdırıb.
