Azərbaycan millisinin kapitanı Emin Mahmudov UEFA Millətlər Liqasında Lixtenşteynlə qarşıdakı oyundan gözləntilərini açıqlayıb.
İdman.Biz xəbər verir ki, futbolçu Bakıdakı mətbuat konfransında milli komandanın qarşısına yalnız qələbə məqsədi qoyulduğunu bildirib.
“Sabah bizim üçün vacib oyun olacaq. Mütləq qalib gəlməliyik. Bunun üçün əlimizdən gələni edəcəyik”, – deyə Mahmudov söyləyib.
Millinin kapitanı favorit statusunun futbolçular üzərində əlavə gərginlik yaratmadığını, əksinə, məsuliyyəti artırdığını qeyd edib.
“Bu, gərginlik deyil, məsuliyyətdir. Hamı bilir ki, qalib gəlməliyik. Əvvəlki rəqiblərlə müqayisə etsək, Fransa ilə matçda bizdən qələbə deyil, yaxşı oyun gözləyirdilər. Burada isə yaxşı oyun kifayət etməyəcək - mütləq qalib gəlməliyik”, - deyə Mahmudov vurğulayıb.
Qeyd edək ki, Millətlər Liqasının Azərbaycan - Lixtenşteyn oyunu sabah, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
