Lixtenşteyn millisinin baş məşqçisi Konrad Fyunfştyuk Azərbaycan yığmasına qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının oyunundan əvvəl fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, 45 yaşlı mütəxəssis Bakıdakı mətbuat konfransında qarşılaşmanın favoriti kimi Azərbaycan millisinin göstərildiyini deyib.
“Əvvəlki oyunumuzdan üç gün keçib. Buraya gəlməzdən əvvəl Malta ilə qarşılaşmışdıq. Sabahkı matçı səbirsizliklə gözləyirik. İstədiyimiz kimi hazırlıq keçmişik. Yaxşı nəticə qazanmağa çalışacağıq.
Litva – Azərbaycan (1:1) matçını izlədik və analiz etdik. Favorit meydan sahibləridir. Rəqibin yarımmüdafiə və hücum xəttində yaxşı oyunçuları var. Amma sabah nəticəni birlikdə görəcəyik. Hazırkı heyətimizdə zədəli futbolçu yoxdur. Buraya gələndə də vaxt itkisi yaşamadıq.
Bizim futbolçuların böyük hissəsi müxtəlif peşə sahibləridir. Azərbaycan millisində UEFA Çempionlar Liqasında çıxış edən futbolçular var. Son dövrlərdə qələbələrimizin sayı çox azdır. Lixtenşteyn dünyanın kiçik ölkələrindən biridir. Təbii ki, favorit rəqibdir. Amma biz əlimizdən gələni etməyə hazırıq. Özümüzü yaxşı komanda kimi göstərməyə çalışacağıq”.
Qeyd edək ki, Millətlər Liqasının D Liqasının ikinci qrupunda Azərbaycan - Lixtenşteyn oyunu sabah saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
