Rafinya qırmızı vərəqəyə görə “Barselona”ya vaxtından əvvəl qayıda bilər

14 Noyabr 2026 20:47
41
Rafinya qırmızı vərəqəyə görə “Barselona”ya vaxtından əvvəl qayıda bilər

“Barselona”nın futbolçusu Rafinya Braziliya millisinin düşərgəsini vaxtından əvvəl tərk edə bilər.

İdman.Biz Diario SPORT-a istinadən xəbər verir ki, Yaponiya ilə yoldaşlıq görüşündə qırmızı vərəqə alan futbolçu noyabrın 17-də Sinqapura qarşı keçiriləcək matçı buraxacaq. Braziliya Futbol Konfederasiyası (CBF) onun kluba erkən qayıtmasına icazə verilməsi məsələsini müzakirə edir.

CBF-dəki mənbələr Rafinyanın yoldaşlıq oyununda meydandan qovulmasına baxmayaraq, diskvalifikasiya olunacağını təsdiqləyiblər. FIFA qaydalarına əsasən, belə görüşlərdə alınan qırmızı vərəqəyə görə cəza növbəti yoldaşlıq matçında çəkilməlidir.

Yaponiya ilə qarşılaşmada (2:3) rəqibin qələbə qoluna etiraz etdiyi üçün meydandan qovulan Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti də eyni vəziyyətlə üzləşib. İtaliyalı mütəxəssis Sinqapurla oyunda texniki zonada yer ala bilməyəcək.

Rafinyanın erkən qayıdışı isə “Barselona”nın baş məşqçisi Hans-Diter Flik üçün müsbət xəbər ola bilər. Braziliyalı futbolçu daha əvvəl mövsümün ilk milli fasiləsində aldığı əzələ zədəsindən tam sağalmadığını etiraf etmişdi.

Qeyd edək ki, “Barselona” noyabrın 22-də La Liqada “Vilyarreal”la qarşılaşacaq. Rafinyanın əlavə istirahət imkanı qazanması onun həmin görüşə daha yaxşı fiziki vəziyyətdə hazırlaşmasına kömək edə bilər.

İdman.Biz