Lixtenşteyn millisinin futbolçusu Alesio Hasler Azərbaycan yığmasına qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının oyunundan əvvəl fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, Alesio Hasler Bakıdakı mətbuat konfransında komandasının qarşılaşmaya ciddi hazırlaşdığını bildirib.
“Oyuna yaxşı hazırlaşmışıq. Sabahkı matçı səbirsizliklə gözləyirik. Buraya uzun səfərlə gəlmişik. Komandada əhval-ruhiyyə yaxşıdır. Yüksək səviyyədə hazırlıq keçmişik. Yaxşı nəticə qazanmaq üçün Bakıya gəlmişik. Rəqibin güclü və zəif tərəflərini bilirik. Əlimizdən gələni etməyə çalışacağıq”.
Qeyd edək ki, Millətlər Liqasının D Liqasının ikinci qrupununun Azərbaycan - Lixtenşteyn oyunu sabah, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
