UEFA Millətlər Liqası: Almaniya uduzdu, İrlandiya və Portuqaliya qazandı – YENİLƏNİB + VİDEO

28 Sentyabr 2026 00:53
1 071
UEFA Millətlər Liqası: Almaniya uduzdu, İrlandiya və Portuqaliya qazandı – YENİLƏNİB + VİDEO

UEFA Millətlər Liqasında qrup mərhələsinin ikinci turunun növbəti oyunları baş tutub.

İdman.Biz xəbər verir ki, A Liqasında Almaniya millisi Yunanıstanla qarşılaşıb. Auqsburqdakı “WWK Arena”da keçirilən görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda yeganə qolu 74-cü dəqiqədə Yunanıstan millisinin yarımmüdafiəçisi Dimitrios Kurbeliş vurub.

Beləliklə, yunanlar turnirdə ardıcıl ikinci qələbələrini qazanıblar. Komanda ilk turda Serbiyanı 2:1 hesabı ilə məğlub edib. Almaniya isə ilk görüşündə Niderlandla 1:1 hesablı bərabərə qalıb.

A Liqasının digər görüşündə Norveç və Portuqaliya milliləri üz-üzə gəliblər. Oslodakı “Ullevaal” stadionunda keçirilən qarşılaşmada qonaqlar 2:1 hesablı qələbə qazanıblar.

Portuqaliyanın heyətində Joao Feliks 17-ci dəqiqədə cərimə meydançasının xəttindən vurduğu zərbə ilə hesabı açıb. 51-ci dəqiqədə Erlinq Holand cərimə zərbəsindən sonra topu tora göndərərək tarazlığı bərpa edib.

54-cü dəqiqədə Qonsalu Ramuş Norveç millisinin qapıçısı Eryan Nyulandın ötürməsini ələ keçirərək topu onun üzərindən tora göndərib və Portuqaliyanı yenidən önə keçirib. Dörd dəqiqə sonra Ramuş daha bir dəfə fərqlənsə də, VAR müdaxiləsindən sonra ofsayd səbəbindən qol qeydə alınmayıb.

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu bütün görüşü ehtiyat oyunçular skamyasında keçirib.

İlk turda Portuqaliya Uelsi 1:0 hesabı ilə məğlub edib, Norveç isə Danimarkanı 3:2 hesabı ilə üstələyib. Üçüncü turda Norveç oktyabrın 1-də səfərdə Uelslə, Portuqaliya isə Danimarka ilə qarşılaşacaq.

B Liqasında İsrail və İrlandiya milliləri üz-üzə gəliblər. Macarıstanın Debretsen şəhərindəki “Nagyerdei” stadionunda keçirilən qarşılaşmada irlandiyalılar 3:0 hesablı qələbəyə seviniblər.

İrlandiyanın heyətində Troy Perrott 14-cü dəqiqədə hesabı açıb. İki dəqiqə sonra Adam Ayda fərqi artırıb. Cek Moylan isə 25-ci dəqiqədə üçüncü qolu vuraraq görüşün yekun hesabını müəyyənləşdirib.

İlk turda İsrail Avstriyaya 1:3 hesabı ilə uduzub, İrlandiya isə Kosovoya 0:1 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Millətlər Liqasının son qalibi Portuqaliya millisidir. Portuqaliyalılar ötən turnirin finalında İspaniya ilə əsas və əlavə vaxtı 2:2 hesabı ilə başa vurduqdan sonra penaltilər seriyasında 5:3 hesabı ilə qalib gəliblər. Portuqaliya turnirin ikiqat qalibidir.

22:06

Niderland millisi UEFA Millətlər Liqasının A2 qrupunda Serbiya ilə səfər oyununda qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, Belqraddakı qarşılaşma 2:1 hesabı ilə Niderlandın xeyrinə başa çatıb.

Qonaqların hər iki qolunu Meks Meerdink vurub. O, əvvəlcə 30-cu dəqiqədə penaltidən hesabı açıb. Serbiya ikinci hissənin əvvəlində Luka Yoviçin qolu ilə tarazlığı bərpa edib.

69-cu dəqiqədə Meerdink yenidən fərqlənərək Niderlanda qələbə qazandırıb. Bununla da Xavi Ernandes yığmanın baş məşqçisi kimi ilk qələbəsini əldə edib.

Qeyd edək ki, Niderland ilk turda Almaniya ilə 1:1 hesablı heç-heçə edib. Serbiya isə Yunanıstana 1:2 hesabı ilə uduzub.

Növbəti turda Niderland səfərdə Yunanıstanın, Serbiya isə Almaniyanın qonağı olacaq.

Avstriya millisi B Liqasının üçüncü qrupunda Kosovo üzərində qələbə qazanıb.

“Ernst Happel” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 3:1 hesablı üstünlüyü ilə başa çatıb.

Avstriya 23-cü dəqiqədə David Affenqruberın qolu ilə hesabı açıb. İlk hissənin əlavə olunmuş ikinci dəqiqəsində Çukvubuyke Adamu fərqi iki topa çatdırıb.

61-ci dəqiqədə Karni Çukvuemeka Avstriyanın üçüncü qolunu vurub. Kosovo yığmasının yeganə qoluna isə 83-cü dəqiqədə penaltidən Edon Jeqrova imza atıb.

Avstriya birinci turda İsrailə də 3:1 hesabı ilə qalib gəlib. Kosovo isə İrlandiyanı 1:0 məğlub edib.

Növbəti turda Kosovo səfərdə İsraillə, Avstriya isə İrlandiya ilə qarşılaşacaq. Hər iki oyun oktyabrın 1-də keçiriləcək.

Pralel keçən oyunda Cəbəllütariq Andorra ilə qolsuz heç-heçəyə razılaşıblar.

Növbəti turda Cəbəllütariq oktyabrın 1-də Maltanın qonağı olacaq.

A Liqasının dördüncü qrupunda Danimarka – Uels qarşılaşmasnda ev sahibləri iki cavabsız qolla qalib gəlib. 53-cü dəqiqədə Uelsin oyunçusu Ben Devies avtoqolla komandasını hesabda geri salıb. 66-cı dəqiqədə isə Danimarkanın futbolçusu Qustav İsaksen hesabı 2:0 edib.

Birinci turda Danimarka səfərdə Norveçə 3:2 hesabı ilə məğlub olub. Növbəti oyun oktyabrın 1-də Portuqaliya millisinə qarşı olacaq. Ules isə eyni gündə Norveçi qəbul edəcək.

10:18

Bu gün UEFA Millətlər Liqasının 2026/27 mövsümündə ikinci turun oyunlarına start veriləcək.

İdman.Biz xəbər verir ki, 27 sentyabrda A, B və D Liqalarında ümumilikdə səkkiz qarşılaşma baş tutacaq.

Günün diqqətçəkən qarşılaşmalarından biri Norveç və Portuqaliya yığmaları arasında olacaq. A Liqasında Serbiya Niderlandı, Almaniya isə Yunanıstanı qəbul edəcək.

27 sentyabr - Bakı vaxtı ilə

17:00 Litva - Azərbaycan
20:00 Serbiya - Niderland
20:00 Danimarka - Uels
20:00 Avstriya - Kosovo
20:00 Cəbəllütariq - Andorra
22:45 Almaniya - Yunanıstan
22:45 Norveç - Portuqaliya
22:45 İsrail - İrlandiya Respublikası

Qeyd edək ki, Millətlər Liqasının liqa mərhələsi 17 noyabrda başa çatacaq.

İdman.Biz