“Bayer” Avropa nəhənglərinin istədiyi futbolçuya milyonluq təklif hazırladı

14 Noyabr 2026 09:15
30
“Bayer” Avropa nəhənglərinin istədiyi futbolçuya milyonluq təklif hazırladı

Almaniyanın “Bayer” klubu Avropanın aparıcı komandalarının maraq dairəsində olan İbrahim Mazanı heyətində saxlamaq üçün yeni müqavilə hazırlayır.

İdman.Biz BILD nəşrinə istinadən xəbər verir ki, Leverkuzen təmsilçisi 20 yaşlı yarımmüdafiəçi ilə 2031-ci ilə qədər nəzərdə tutulan müqaviləni Milad bayramınadək imzalamağı planlaşdırır. Tərəflər arasında razılaşmanın əldə olunması üçün yalnız bəzi detalların dəqiqləşdirilməsi qalıb.

Yeni müqavilə Əlcəzair millisinin üzvünün gəlirlərini əhəmiyyətli dərəcədə artıracaq. Hazırda illik 2,5 milyon avro qazanan Mazanın bonuslar daxil olmaqla maaşı təxminən 4 milyon avroya yüksələcək.

Bundan əlavə, futbolçuya müqavilə müddəti ərzində hissə-hissə ödəniləcək 4 milyon avroluq imza bonusu nəzərdə tutulur. Beləliklə, onun ümumi illik gəliri təxminən 5 milyon avroya (9,5 milyon manat) çata bilər.

Yeni müqavilədə sərbəstqalma məbləğinin göstərilməsi gözlənilmir. Bununla da “Bayer” futbolçunun gələcək transferi ilə bağlı danışıqlara tam nəzarəti özündə saxlayacaq.

Maza 2025-ci ilin yayında “Herta”dan 12 milyon avroya transfer edilib. Həmin vaxtdan onun bazar dəyərinin təxminən 50 milyon avroya yüksəldiyi bildirilir.

Gənc yarımmüdafiəçinin çıxışı “Arsenal”, “Mançester Siti”, “Barselona” və PSJ-nin diqqətini çəkib. Lakin Paris klubunun artıq transferdən imtina etdiyi bildirilir. “Bayer” isə yeni müqavilə ilə futbolçusunu digər klubların marağından qorumağa çalışır.

İdman.Biz