Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin Litva ilə UEFA Millətlər Liqası oyunundakı qolu Xorvatiya mətbuatının da diqqətini çəkib.
İdman.Biz xəbər verir ki, “Index” nəşri Mahiri Zaqreb “Dinamo”sunun sabiq futbolçusu kimi təqdim edib və onun Litvaya vurduğu qoldan ayrıca yazıb.
“Azərbaycanlı hücumçu Litva qapısı qarşısında yaranan imkandan istifadə edərək 14-cü dəqiqədə fərqlənib və hesabı 1:1 edib. “Rakuv”un hücumçusu qolu azərbaycanlı azarkeşlərə hərbi salam verməklə qeyd edib. Emreli məhz 27 sentyabrda - Azərbaycanda 2020-ci ildə Ermənistanla 44 günlük müharibədə həlak olanların xatirəsinə qeyd edilən Anım Günündə qol vurduğu üçün qol sevincini hərbi salamla göstərib”, - deyə “Index” yazıb.
Məqalədə Mahirin 2022-2024-cü illərdə “Dinamo”nun formasını geyindiyi də xatırladılıb. Azərbaycanlı hücumçu Xorvatiya klubunda çıxış etdiyi dövrdə ölkə çempionluğu və kubok sevinci yaşayıb.
Mahirin qolunu Polşa mətbuatı da da işıqlandırıb. WP nəşri qeyd edib ki, onun Tacikistanla yoxlama oyununda aldığı zədənin ciddi olmadığı görünüb və forvard Litvaya qarşı start heyətində meydana çıxıb.
Polşa nəşri Kaunasdakı oyunda bu ölkənin futboluna yaxşı tanış olan bir neçə futbolçunun - Rahil Məmmədov və Renat Dadaşovun da meydana çıxdığını vurğulayıb.
Qeyd edək ki, Litva - Azərbaycan görüşü 1:1 hesabı ilə başa çatıb.
