Millətlər Liqasının A Liqasında birinci turunda İtaliya və Belçika yığmaları arasında keçirilən oyunu başa çatıb.
İdman.Biz xəbər verir ki, Romadakı “Olimpiko” stadionunda təşkil olunan qarşılaşmada Belçika millisi 2:0 hesabı ilə qalib gəlib.
Qonaqların heyətində Mika Qodts 20-ci dəqiqədə hesabı açıb. Dodi Lukebakio isə 69-cu dəqiqədə Belçikanın üstünlüyünü iki topa çatdıraraq yekun hesabı müəyyənləşdirib.
Paralel keçən Türkiyə və Fransa yığmaları arasında keçirilən oyunda isə qonaq komanda 1:0 hesabı ilə qalib gəlib.
Oyunda yeganə qolu 54-cü dəqiqədə Kilian Mbappe vurub. Hücumçu qol zamanı zədələnib və beş dəqiqə sonra əvəzlənib.
Türkiyə millisinin qapıçısı Uğurcan Çakır isə 87-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.
Qrup mərhələsinin ikinci turunda İtaliya sentyabrın 28-də Türkiyə ilə qarşılaşacaq. Belçika isə həmin gün Fransa ilə üz-üzə gələcək.
B Liqasında Ukrayna millisi səfərdə Macarıstanı 1:0 hesabı ilə məğlub edərək turnirə qələbə ilə başlayıb.
Budapeştdəki “Puşkaş Arena”da keçirilən görüşdə yeganə qol 42-ci dəqiqədə Daniil Sikan tərəfindən vurulub. Ukrayna ikinci hissəyə əlavə olunmuş 2-ci dəqiqədə Oleksandr Nazarenkonun qırmızı vərəqə alması ilə azlıqda qalsa da, üstünlüyünü qoruya bilib.
Növbəti turda sentyabrın 28-də Ukrayna Gürcüstanla, Macarıstan isə Şimali İrlandiya ilə qarşılaşacaq.
Günün digər oyununda İsveç millisi Stokholmdakı “Stroberry Arena”da Rumıniyanı 2:1 hesabı ilə məğlub edib. Aleksander İsak 20-ci dəqiqədə hesabı açıb. Dennis Man 29-cu dəqiqədə tarazlığı bərpa edib. Viktor Gyökereş isə 43-cü dəqiqədə İsveçə qələbə qazandıran qolu vurub.
Monteneqro da doğma meydanda Kipri 2:1 hesabı ilə məğlub edib. Markos Edvards 55-ci dəqiqədə qonaqları önə keçirib. Nikola Krstoviç 66-cı dəqiqədə penaltidən hesabı bərabərləşdirib. Milutin Osmaiç 86-cı dəqiqədə vurduğu qolla Monteneqroya qələbə qazandırıb.
Günün digər qarşılaşmasında isə Polşa millisi və Bosniya və Herseqovina 0:0 hesablı heç-heçə ilə kifayətləniblər.
22:07
UEFA Millətlər Liqasının B Liqasının qrup mərhələsinin birinci turunda Gürcüstan və Şimali İrlandiya milliləri qarşılaşıblar. Tbilisidə “Boris Payçadze” stadionunda keçirilən görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
İdman.Biz xəbər verir ki, matçda hesab 90+9-cu dəqiqədə açılıb. Şimali İrlandiyanın yarımmüdafiəçisi Şi Çarlz qələbə qolunu vuraraq komandasına üç xal qazandırıb.
65-ci dəqiqədə Gürcüstan millisinin hücumçusu Xviça Kvaratsxeliya 11 metrlik cərimə zərbəsi yerinə yetirmək şansı əldə etsə də, penaltini dəqiq vura bilməyib.
Qrup mərhələsinin ikinci turunda Gürcüstan sentyabrın 28-də Ukrayna ilə qarşılaşacaq. Şimali İrlandiya isə həmin gün Macarıstanla matç keçirəcək.
Qeyd edək ki, UEFA Millətlər Liqasının C Liqasının ikinci qrupunda Ermənistan ilk turda Latviyanı 2:0 hesabı ilə məğlub edib. Qolları Qeorqi Harutyunyan və Artur Qaribyan vurub.
10:02
Bu gün - sentyabrın 25-də UEFA Millətlər Liqasının qrup mərhələsində ilk turun növbəti oyunları keçiriləcək.
İdman.Biz oyun gününün ən maraqlı qarşılaşmalarını təqdim edir.
Bakı vaxtı ilə saat 20:00-da Gürcüstan Şimali İrlandiyanı qəbul edəcək. Eyni vaxtda Ermənistan Latviyanı sınağa çəkəcək.
Günün əsas qarşılaşmaları saat 22:45-də başlayacaq. A Liqasında İtaliya Belçikanı qəbul edəcək, Türkiyə isə Fransa ilə üz-üzə gələcək.
Bu gün, həmçinin Macarıstan – Ukrayna, Polşa – Bosniya və Herseqovina, İsveç – Rumıniya və Monteneqro – Kipr oyunları keçiriləcək.
Qarşılaşmaların Bakı vaxtı ilə yazılıb.
25 sentyabr
20:00
Gürcüstan – Şimali İrlandiya
Ermənistan – Latviya
22:45
İtaliya – Belçika
Türkiyə – Fransa
Macarıstan – Ukrayna
Polşa – Bosniya və Herseqovina
İsveç – Rumıniya
Monteneqro – Kipr
