Zədə səbəbindən Azərbaycan millisinə qoşulmayan Mezzotero zal məşqlərinə qatıldı

13 Noyabr 2026 01:34
36
Zədə səbəbindən Azərbaycan millisinə qoşulmayan Mezzotero zal məşqlərinə qatıldı

Azərbaycan millisinin UEFA Millətlər Liqasında Lixtenşteynlə oyununu zədə səbəbindən buraxacaq “Sampdoriya”nın hücumçusu Lorenzo Mezzoteronun bərpa prosesində irəliləyiş var.

İdman.Biz İtaliya mediasına istinadən xəbər verir ki, 18 yaşlı futbolçunun ayağının üst hissəsində zərbə nəticəsində yaranmış hematoma tədricən çəkilir.

Mezzotero dünən səhər müalicə prosedurlarından keçib. Günortadan sonra isə komandanın zalda güc hərəkətləri edən qruplarından birinə qoşulub.

İtaliyanın B Seriyasında çıxış edən “Sampdoriya”nın hücumçusu “Karrareze” ilə çempionat matçında zədələnib. Bu səbəbdən onun Azərbaycan millisində debütü təxirə düşüb.

Qeyd edək ki, Ayxan Abbasovun ilk dəfə əsas yığmaya dəvət etdiyi Mezzoteronun əvəzinə “Araz-Naxçıvan”ın hücumçusu Ağadadaş Salyanski milliyə çağırılıb.

İdman.Biz