Ayxan Abbasov: “Tənqidlərin cavabını qələbə ilə verə bilərik”

12 Noyabr 2026 22:32
37
Ayxan Abbasov: “Tənqidlərin cavabını qələbə ilə verə bilərik”

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasının D Liqasında Lixtenşteynlə keçiriləcək səfər oyunu öncəsi gözləntilərini bölüşüb.

İdman.Biz xəbər verir ki, mütəxəssis mətbuat konfransında futbolçuların yaxşı formada olduğunu və qarşılaşmaya yüksək əhval-ruhiyyə ilə hazırlaşdıqlarını söyləyib:

“Bu il UEFA Millətlər Liqasında sonuncu oyunumuza çıxacağıq. Daha sonra bizi Andorra seçməsi ilə yoldaşlıq matçı gözləyir. Qrup lideri olmaq üçün Lixtenşteynə mütləq qalib gəlməliyik. Rəqibin oyununa bələdik, Bakıda bu komanda ilə bərabərə qalmışdıq. Evdə daha inamlı çıxış etmək istəyəcəklər. Komanda olaraq görüşə hazırıq. Komandada əhval-ruhiyyə yüksək səviyyədədir. Premyer Liqada qızğın mübarizə gedir və futbolçularımız yaxşı formadadırlar. İnanıram ki, sabah istədiyimiz qələbəni qazanacağıq”.

Abbasov komandanın diqqətini yalnız qarşıdakı matça yönəltdiyini, tənqidlərə isə meydanda cavab vermək istədiklərini qeyd edib:

“Toplanışlar zamanı futbolçularla danışıqlarımız olur. Müasir zəmanədir, bir çox futbolçular sosial şəbəkələrdən istifadə edirlər. Neqativdən uzaq qalmağa çalışırıq. Oyunçularla son görüşümüzdə də Lixtenşteyn komandasını təhlil etdik. Çünki tam oyuna köklənmişik. Düşünürəm ki, kənar müdaxilələrə çox da fikir vermək lazım deyil. Komandaya qarşı müəyyən tənqidlər ola bilər, bu normaldır. Lakin biz hər xırda detala fikir versək, ziyanımıza işləyə bilər. Bizə qarşı olan tənqidlərin cavabını qələbə ilə verə bilərik”.

Qeyd edək ki, noyabrın 13-də Vadutsda keçiriləcək Lixtenşteyn - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

İdman.Biz