Ağasəlim Mircavadov: “Lixtenşteynlə oyunda millimizdən yalnız qələbə gözləyirik”

12 Noyabr 2026 15:23
16
Ağasəlim Mircavadov: “Lixtenşteynlə oyunda millimizdən yalnız qələbə gözləyirik”

“Lixtenşteynlə qarşılaşmada millimizdən yalnız qələbə gözləyirik. Rəqibi doğma meydanda məğlub edə bilməməyimiz təsadüf oldu”.

Bu sözləri AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib.

Təcrübəli mütəxəssis UEFA Millətlər Liqası çərçivəsində keçiriləcək Lixtenşteyn - Azərbaycan qarşılaşması ilə bağlı gözləntilərini bölüşüb.

“Həmin oyunda 90 dəqiqə ərzində üstünlük tam bizim tərəfimizdə idi, rəqibə ciddi imkanlar vermədik. Sadəcə, müəyyən həyəcan yaşandı və bundan lazım olan nəticəni çıxarmalıyıq. İndi isə daha sakit və təmkinli oynamaq, fürsətlərdən maksimum yararlanmaq lazımdır. Rəqibin üstünlüyü meydanın süni örtüklü olması ola bilər. Ancaq bizim də süni örtüklü meydanda oynamağa alışmış futbolçularımız var. Buna görə də bu amilin oyuna ciddi təsir edəcəyini düşünmürəm. Nəyin bahasına olursa-olsun, qalib gəlməliyik. Bunun üçün çalışmalı, topa daha çox sahib olmalı və oyunun gedişinə nəzarət etməliyik. Qələbə qazana bilməsək belə, bunu faciə kimi qiymətləndirmək düzgün olmaz. Əsas odur ki, komanda meydanda əlindən gələni etsin”, - deyə o sport24.az-a açıqlamasında söyləyib.

Mircavadov millinin inkişafı üçün klubların üzərinə düşən məsuliyyətdən danışıb:

“AFFA bu istiqamətdə çox iş görür. Mən bunu canlı şahidiyəm. Təlim-məşq prosesinin, səfərlərin səfərlərin təşkili - bütün bunlar yüksək səviyyədə həyata keçirilir. Bu baxımdan lazımi şərait yaradılıb. Əsas məsələ klublarla bağlıdır. Onlar da başa düşməlidirlər ki, yerli futbolçuya şans verilməlidir. Gənc və perspektivli oyunçuların meydana çıxmasına imkan yaradılmalıdır. Milli komandanın inkişafı üçün klubların da bu məsələdə üzərinə düşən məsuliyyəti yerinə yetirməsi vacibdir”.

Xatırladaq ki, noyabrın 13-də Vaduts şəhərində keçiriləcək Lixtenşteyn - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

İdman.Biz