Emre Belözoğlu “Fənərbağça”nın ulduz futbolçusunu göndərir

12 Noyabr 2026 14:08
58
Emre Belözoğlu “Fənərbağça”nın ulduz futbolçusunu göndərir

Türkiyənin “Fənərbağça” futbol komandasında baş məşqçi postuna gətirilən Emre Belözoğlu heyətdə ciddi dəyişikliklərə hazırlaşır.

İdman.Biz xəbər verir ki, mütəxəssis malili hücumçu Dorgeles Neneni gələcək planlarına daxil etməyib. Klub rəhbərliyi futbolçu ilə qış transfer dövründə yollarını ayırmaq niyyətindədir.

Ötən mövsüm 39 qarşılaşmada 11 qol və altı məhsuldar ötürmə ilə yadda qalan Nene cari mövsümdə gözləntiləri doğrultmayıb. O, cəmi 177 dəqiqə meydanda olub və məhsuldar göstərici ilə fərqlənməyib.

Belözoğlunun qərarından sonra İstanbul təmsilçisinin hücum xəttinə yeni ulduz futbolçu transfer etməyi planlaşdırdığı bildirilir.

Baş məşqçi artıq klubun texniki heyətində də dəyişikliklərə başlayıb. O, Zeki Murat Göle və keçmiş komanda yoldaşı Dirk Kuytla əməkdaşlığa son qoyub. Bundan başqa, klubun tibbi heyətində də yenilənmə aparılıb.

Digər tərəfdən, “Fənərbağça” rəhbərliyi Avropa klublarının maraq göstərdiyi Oğuz Aydın və Arçi Braunla müqavilələrin müddətini uzatmağı qərara alıb. Məqsəd futbolçuların transfer dəyərini qorumaq və mümkün danışıqlarda klubun mövqeyini gücləndirməkdir.

İdman.Biz