“Neftçi”də cəmi 20 dəqiqə oynayan Mustafa Sek komandadan ayrılır? - KLUBDAN İDMAN.BİZ-Ə AÇIQLAMA

12 Noyabr 2026 13:32
41
“Neftçi”də cəmi 20 dəqiqə oynayan Mustafa Sek komandadan ayrılır? - KLUBDAN İDMAN.BİZ-Ə AÇIQLAMA

“Neftçi” futbol klubunun baş məşqçisi Yuri Vernidubun müdafiəçi Mustafa Seklə yolları ayırmaq istədiyi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib. Beləliklə, futbolçunun komandadan göndəriləcəyi ilə bağlı iddialar klub tərəfindən təkzib olunub.

Bununla belə, 30 yaşlı futbolçunun “Neftçi”dəki oyun praktikası ilə bağlı vəziyyət diqqət çəkir. Seneqallı müdafiəçi 2024-cü ilin avqustunda Portuqaliyanın “Portimonense” klubundan Bakı təmsilçisinə keçib. Tərəflər arasında üçillik müqavilə imzalanıb və onun sözləşməsi 2027-ci il iyunun 30-dək qüvvədədir.

Sek 2024/2025 mövsümündə Misli Premyer Liqasında 27, 2025/2026 mövsümündə isə 30 qarşılaşmada meydana çıxıb. Lakin cari mövsümdə onun oyun vaxtı xeyli azalıb. Müdafiəçi çempionatda indiyədək cəmi iki matçda iştirak edib və ümumilikdə 20 dəqiqə meydanda olub. O, avqustun 16-da “Sumqayıt”la görüşdə 4, oktyabrın 17-də “Qarabağ”la qarşılaşmada isə 16 dəqiqə oynayıb.

Sekin adı bundan əvvəl də mümkün transferlə əlaqələndirilib. Oktyabrın 28-də yayılan məlumatlarda Portuqaliyanın “Farense” klubunun futbolçu ilə maraqlandığı bildirilib. Həmin xəbərlərə görə, Portuqaliya təmsilçisi onu mövsümün sonunda heyətinə qatmağı planlaşdırır. Ancaq bu məsələ ilə bağlı rəsmi razılaşma və ya transfer qərarı açıqlanmayıb.

Karyerası ərzində “Latsio”, “Roma”, “Karpi”, “Empoli”, “Novara”, “Almere Siti”, “Livorno”, “Leyşoeş” və “Portimonense” klublarında çıxış edən Sek “Neftçi”də 24 nömrəli formanı geyinir.

Qeyd edək ki, Yuri Vernidub 2026-cı ilin yayında “Neftçi” ilə müqaviləsini 2028-ci ilin yayına qədər uzadıb.

İdman.Biz