Polşa milli komandasının qapıçı seçimi ətrafında müzakirələr davam edir. İtaliyanın “Bolonya” futbol komandasının 35 yaşlı qapıçısı Lukaş Skorupskinin növbəti dəfə yığmaya dəvət almaması Robert Levandovski ilə aralarındakı münasibətləri yenidən gündəmə gətirib.
İdman.Biz xəbər verir ki, milli komandanın kapitanı mətbuat konfransında Skorupskinin heyətdən kənarda qalmasına təsir göstərməsi barədə iddiaları rədd edib.
Polşa mətbuatında müxtəlif vaxtlarda iki futbolçunun münasibətlərinin yaxşı olmadığına dair məlumatlar yayılıb. Skorupskinin həm sentyabr, həm də noyabr toplanışlarına çağırılmaması bu müzakirələri daha da gücləndirib.
Levandovski aralarında xarakter fərqlərinin olduğunu etiraf etsə də, bunun milli komandadakı münasibətlərinə təsir göstərmədiyini bildirib.
“Bizim xarakterlərimiz fərqlidir, dünyaya baxışımız və yanaşmalarımız başqadır. Amma milli komandada birlikdə olduğumuz vaxtlarda çox gülmüşük, əyləncəli anlarımız olub. Avtobusda da bir yerdə oturmuşuq, vaxt keçirmişik. Mənim bu qərarla qətiyyən əlaqəm yoxdur”, - deyə kapitan bildirib.
Hücumçu Skorupskinin hazırkı formasını qiymətləndirmək istəmədiyini də vurğulayıb:
“Lukaşın oyunlarını izləməmişəm. Buna görə onun son dövrlərdə hansı formada olduğunu söyləmək mənim üçün çətindir. Futbolçuları məşqçi seçir, məşqçilər korpusu onların çıxışlarını təhlil edir. Onları çətin vəziyyətdə qoymaq istəmirəm”.
Baş məşqçi Yan Urban isə Skorupskinin dəvət almamasını yığmada nəsildəyişmə prosesi ilə əlaqələndirib. Maraqlıdır ki, Kamil Qrabara və Marsin Bulkanın zədələnməsinə baxmayaraq, təcrübəli qapıçı yenə də heyətə qaytarılmayıb. Mütəxəssis onun əvəzinə Slavomir Abramoviç, Bartlomey Draqovski və Mateuş Koxalskiyə üstünlük verib.
Xatırladaq ki, 26 yaşlı Koxalski Azərbaycan futbol azarkeşlərinə yaxşı tanışdır. Polşalı qapıçı 2024-cü ildə “Stal Myelets”dən “Qarabağ”a transfer olunub və Ağdam təmsilçisinin heyətində UEFA Çempionlar Liqasında çıxış edib.
O, xüsusilə 2025/2026 mövsümündə “Benfika”, “Kopenhagen” və “Çelsi” ilə qarşılaşmalarda göstərdiyi oyunla diqqət çəkib. “Qarabağ”ın Avropa arenasındakı uğurlarında polşalı qapıçının da mühüm rolu olub.
Hazırda ölkəsinin “Vyeçista Krakov” futbol komandasında çıxış edən Koxalski Polşa millisinin noyabr toplanışına dəvət alıb.
Qeyd edək ki, Polşa millisi UEFA Millətlər Liqasının qrup mərhələsində noyabrın 14-də Rumıniya ilə səfərdə, noyabrın 17-də isə İsveçlə doğma meydanda qarşılaşacaq.
